Göyçay rayonu ərazisində qanunsuz tikinti-quraşdırma işlərinin
aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar daxil
olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı
aparılır.
Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, aparılmış istintaq
tədbirləri ilə hazırda Göyçay Rayon İcra Hakimiyyəti başçısının
Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində
işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi
idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
vəzifəsində işləyərkən rəhbərlik etdiyi struktur qurumun digər
vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə
qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək
ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam
etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları
ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif
məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr
müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Rəşad Şükürova
Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə
ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4
(rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri
ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs
qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.