Azərbaycan Respublikasının Baş Prokurorluğu azyaşlının anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a daxil olan məlumatda bildirilib ki, paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılıb.
Müəyyən edilib ki, 1996-cı il təvəllüdlü Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Kamran Tağıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart-iyun aylarında, sonuncu dəfə isə iyulun 13-də yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə aşkar surətdə S.Xasməmmədovanın doğma oğlu, yetkinlik yaşına çatmayan 2016-cı il təvəllüdlü Cahid Abdulova güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab veriblər.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Səadət Xasməmmədova və Kamran Tağıyev cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, “Uşaqların hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq azyaşlı uşağın gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ananın valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəməsi qarşısında mülki iddianın qaldırılması təmin olunacaq.