Baş Prokurorluğun əməkdaşları Avropa İttifaqının TAİEX aləti çərçivəsində onlayn təlimdə iştirak ediblər

Xəbər - Samir əli – Trend:

5 fevral tarixində Avropa Komissiyası tərəfindən TAIEX texniki yardım aləti çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında “COVİD-19 pandemiyası dövründə qarşılıqlı hüquqi yardımın göstərilməsi və istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsi” movzusunda videkonfrans formatında ekspert missiyası təşkil edilib.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, təlimdə Baş Prokurorluğun əməkdaşları iştirak ediblər, həmçinin Xorvatiya Respublikası Ədliyyə və İdarəetmə Nazirliyinin Antikorrupsiya Sektorunun müdiri Tamara Miserda və İtaliya Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İnspektoru Maurisio Varaneze ekspert qismində çıxış ediblər.

Qeyd olunmalıdır ki, TAİEX Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi mexanizmidir. Seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə TAİEX Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, tətbiqi və həyata keçirilməsində Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq imkanını yaradır. Sözügedən tədbirin əsas məqsədi də Baş Prokurorluğun struktur qurumlarının əməkdaşlarının pandemiya dövründə qarşılıqlı hüquqi yardım və istintaq hərəkətlərinin keçirilməsi sahələrindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi olmuşdur.

Ekspertlər Tamara Miserda və Maurisio Varaneze təlimin mövzusu ətrafında çıxış edərək pandemiya dövründə qarşılıqlı hüquqi yardım və istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsi sahəsində həmin ölkələrin təcrübəsi və bu sahədə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, şəxslərin videokonfrans formatında dindirilməsinin hüquqi və praktiki tərəfləri barədə ətraflı məlumat verilməklə təqdimatlar etmiş, istintaq edilmiş cinayət işlərindən nümunələr göstəriblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar eskpertlər tərəfindən ətraflı cavablandırılıb.

Teqlər: