Cari ilin 30 noyabr – 1 dekabr tarixlərində Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində İNTERPOL-un “Geiger” layihəsinin İşçi qrupunun Qara Dəniz, Qafqaz və Mərkəzi Asiya regionlarının müvafiq strukturlarının nümayəndələri ilə görüşü keçirilib.
Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, radioloji və nüvə terrorçuluğu ilə mübarizə məsələlərini əhatə edən “Geiger” layihəsi üzrə işçi qrupun məqsədi, regional və qlobal səviyyələrdə məlumat mübadiləsini artırmaqla radioloji və nüvə terrorçuluğu təhlükəsinin qarşısının alınmasında üzv ölkələrə yardım etməkdən ibarətdir.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Kamran Həsənov ölkəmizin terrorçuluğa qarşı mübarizəyə fəal töhfə verdiyi qeyd edərək, dövlətin hüquq mühafizə sistemi haqqında ətraflı məlumat vermiş, milli qanunvericilikdə terrorçuluq, radioaktiv materiallarla qanunsuz davranma, onların talanması və hədə-qorxu ilə tələb edilməsi ilə bağlı işlərin ibtidai istintaqı zamanı prokurorluğun rolu və üzərinə düşən vəzifələr haqqında danışıb.
Görüşün yekununda INTERPOL nümayəndələri ilə ikitərəfli görüş keçirilib və “Geiger” layihəsi çərçivəsində yaradılacaq Analitik altqrupun gələcək əməkdaşlıq istiqamətlərinin perspektivləri müzakirə edilib.