Baş Prokurorluğun Avropa çempionunu öldürən şəxslə bağlı verdiyi protest rədd edildi

Ali Məhkəmə Baş Prokurorluğun Şamaxıda qətl törətməkdə
təqsirləndirilən Orxan Hacıyevin azadlığa buraxılması ilə bağlı
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verdiyi şikayəti rədd
edib.

Bu barədə AzerTimes-a açıqlamasında vəkil Əli Hüseynov məlumat
verib.

Vəkil bildirib ki, Baş Prokurorluq Orxan Hacıyevin cəzasının
azaldılmasından narazı qalıb və Sumqayıt Apellyasiya Məhkəmsinin
qərarından protest vermişdi.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən
prosesdə protest araşdırılıb və qərar qəbul olunub.

Məhkəmənin qərarı ilə protest rədd edilib və Sumqayıt
Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Şamaxı rayonunda “Yeddi Gümbəz” qəbiristanlığında
şəhər sakini 29 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə
zamanı mətbəx bıçağı ilə həmyerlisi 25 yaşlı Ruslan Surxayevi
bıçaqlayıb. Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində
ölüb.

Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə
müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr
2019-cu il tarixində Bakıda keçirilən Budo Dünya Kuboku
çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi
işləyirmiş.

Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu
və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar
idmanla məşğul olmayıb və kriminal aləmə yaxınlığı ilə diqqət
çəkib.

Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyevin
əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsindən 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan
vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən
edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız
hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin
mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış
uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş
güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə)
maddəsinə tövsif edilib.

Bu maddə ilə də Orxan Hacıyevə 2 il azadlıqdan məhrum etmə
cəzası təyin edilib.

Qərardan narazı qalan O. Hacıyev hökmdən apellyasiya şikayəti
verib.

Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə yeni qərar qəbul
edib.

Məhkəmənin qərarı ilə O. Hacıyevin təqsirləndirildiyi, Cinayət
Məcəlləsinin 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan
vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən
edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız
hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin
mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış
uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş
güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə)
maddəsi 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla adam öldürmə)
maddəsinə tövsif edilərək onun cəzası 1 il 6 aya endirilib. O.
Hacıyevin cəzası həbs edildiyi gündən hesablanıb. Qətl hadisəsi
2020-ci ilin fevral ayının 1-də baş verdiyindən məhkəmə
təqsirləndirilən şəxsin cəza müddətini başa çatmış hesab edərək
məhkəmə zalından azadlığa buraxıb.

Teqlər: