Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi,
vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu
zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları
prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq
vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll
olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran
Əliyev aprelin 28-də Ağstafa rayon prokurorluğunun inzibati
binasında Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül
dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe
prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə
yaşayan 23 vətəndaşın müraciətində qaldırılan məsələlərin
qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş
Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe
rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Qəbuldan sonra Baş prokuror Ağstafa, Qazax və Tovuz rayon
prokurorluqlarının işçiləri ilə görüş keçirmiş, bölgədə
ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin
artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların
müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə
çatdırılmışdır.