Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində məlumat yayıb.
Diplomat Avropa inteqrasiyasının dayandırılmasına qarşı etiraz edən insanlara həmrəylik ifadə edib.
“Uzun illər davam edən diplomatik xidmətim ərzində mən ölkəmin Avroatlantik və Avropa inteqrasiyasını irəlilətmək üçün həmkarlarımla fəal əməkdaşlıq etmişəm, həmçinin müttəfiqlərimiz, xüsusən də ABŞ ilə etibarlı və strateji tərəfdaşlıq qurmuşam. Bizim səylərimiz heç bir halda zəiflədilməməli və ya təhdid altına alınmamalıdır. Azad iradəsini dinc şəkildə ifadə edən etirazçılara qarşı zorakılığa yox! Tam həmrəylik!” – deyə Berdzenişvili bildirib.
Gürücstan mətbuatının yazdığına görə, daha 211 diplomat Gürcüstan Baş naziri Kobaxidzenin 2028-ci ilə qədər Avropa Birliyinə üzvlük danışıqlarından imtina etməklə bağlı bəyanatlarına qarşı açıq məktub imzalayıb.
Qeyd edək ki, Kobaxidzenin ötən gün AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə açıqlamasından sonra Gürcüstanda müxalifətin aksiyası başlayıb, toqquşmalar baş verib.