Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyə xərcləri ödəniləcək.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara dəyişikliklə mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödəniləcək.
Qərarın əvvəlki variantı isə belə olub:
“Mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.
Bundan başqa, Ə.Əsədovun qərarı ilə insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı genişləndirilib.
Dəyişikliklə insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısının 2.4-cü bəndinə “xarici kəşfiyyat,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi” sözləri əlavə edilib.