Baş nazir Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib (FOTO)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfər
edib.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, Əbu-Dabi Beynəlxalq
Hava Limanında Baş naziri BƏƏ-nin energetika və infrastruktur
naziri Suhail Al Mazrouei qarşıladı. Suhail Al Mazrouei ilə qısa
görüş əsnasında Baş nazir Əli Əsədov görkəmli dövlət xadimi,
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al
Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verdi.

Baş nazir Əli Əsədov daha sonra BƏƏ Prezidentinin iqamətgahında
bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşdü.
Ə.Əsədov Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti, Hökuməti və xalqı adından
BƏƏ-nin dövlət başçısına dərin hüznlə başsağlığı verdi. Şeyx Xəlifə
bin Zayed Al Nəhyanın Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında böyük
xidmətləri olduğu vurğulandı. Eyni zamanda yeni Prezident Şeyx
Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb
Əmirliklərinin daha da çiçəklənəcəyinə, Azərbaycan-BƏƏ əlaqələrinin
müvəffəqiyyətlə inkişaf etməyə davam edəcəyinə əminlik ifadə
olundu.

Baş nazir Əli Əsədov, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin
Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid
Al Məktumla görüşdü, ona dərin hüznlə başsağlığı verdi.

Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurlu inkişafı xüsusi
vurğulandı, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha
da gənişlənəcəyinə əminlik ifadə olundu.

Teqlər: