Baş nazir daha üç qərar imzaladı

Baş nazir daha üç qərar imzaladı

17:41

Nazirlər Kabineti “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ni təsdiqləyib.

AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Eyni zamanda Nazirlər Kabinetinin 19 mart 2019-cu il tarixli “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında” qərarı ləğv olunub.

Qərara əsasən, bundan sonra, satınalmalara cəlb olunan vəzifəli şəxslərdən qanunun aliliyinə hörmət, vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik, ictimai etimad, mədəni davranış və konfidensiallıq tələb ediləcək.

Bundan başqa, satınalmalara cəlb olunan vəzifəli şəxslərə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidir.

***

Nazirlər Kabineti “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Eyni zamanda Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv olunub.

Yeni qərara əsasən, bundan sonra, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına və artmasına səbəb olduqda – təchizatçı dəyişikliyin baş verdiyi gündən 20 iş günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra biləcək. İndiyə qədər bu müddət 20 bank günü idi.

Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verməlidir.

***

“Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərarla, həmçinin “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarı ləğv edilib.

Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi QAYDASI

1. Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət büdcəsində birinci instansiya məhkəmələrinin saxlanılması xərclərinin tərkibində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının (bundan sonra – ehtiyatlar) satın alınması üçün nəzərdə tutulmuş vəsaitin (bundan sonra – dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait) birbaşa hakimlərin bank hesablarına köçürülməsinə dair məsələləri tənzimləyir.

2. Bu Qaydanın məqsədi dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsaitin birinci instansiya məhkəmələrinin maddi-texniki təminat məsələlərini həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən birbaşa hakimlərin bank hesablarına köçürülməsini təmin etməkdən ibarətdir.

3. Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla, Nazirlik tərəfindən hər ay hakimlərin əməkhaqqı kartlarına (bank hesablarına), bu məhkəmələrin aparatlarında kargüzarlığın aparılması ilə bağlı vəsaitlər isə əlavə olaraq müvafiq məhkəmə sədrlərinin əməkhaqqı kartlarına köçürülür. Həmin vəsaitlər təyinatı üzrə xərclənməlidir.

4. Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait Nazirlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş bölgü sxemi əsasında bölüşdürülür. Həmin bölgü sxemi il ərzində müvafiq məhkəmələr tərəfindən baxılmış işlərin orta sayı, məhkəmə işlərinin növündən (cinayət işi, mülki iş, inzibati iş, inzibati xətalara dair iş və 3 s.) asılı olaraq, ona sərf olunan ehtiyatların orta həcmi və həmin məhkəmənin aparat işçilərinin sayı nəzərə alınmaqla tərtib edilir.

5. Bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş növbəti il üçün bölgü sxemi hər il dekabrın 31-dək təsdiq edilir.

6. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı hakimlərin bank hesablarına köçürülən vəsaitin xərclənməsi ilə bağlı hakimlər hesabat vermir, lakin bu vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçirilir. 7. Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin həcmi hər il üçün “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dəqiqləşdirilir.

Teqlər: