Baş direktor “Azəriqaz”a ən çox edilən şikayətlərdən danışdı

Xəbər - Samir Əli – Trend:

“Azəriqaz” İstehsalat Birliyi quruma qaz problemi ilə bağlı daxil olan şikayətləri açıqlayıb.

AzerTimes-ın məlumatına görə, qurumun baş direktoru Ruslan Əliyev deyib ki, müraciətlər müxtəlif olur: “Quruma qazın təzyiqi ilə bağlı müraciətlər daxil olur. Bu, əsasən qış aylarında baş verir. Ən çox şikayətlər isə massivlərin qazlaşması ilə bağlıdır. Vətəndaşlar hansısa bir ərazinin qazlaşmasına dəstək olmağımızı istəyirlər. Bununla bağlı biz ardıcıl tədbirlər görürük və qaz olmayan ərazilərin qazlaşdırılması üçün mütəmadi tədbirlər görülür. Bildirim ki, bu ildən etibarən yaşayış massivlərinin qazlaşdırılma xərcləri SOCAR-ın vəsaiti hesabına həyata keçirilir ki, biz də həmin layihələri icra edirik”.

R.Əliyev qeyd edib ki, əsasən daşıyıcı kəmərlər yaxın olan ərazilərin qazlaşdırılması həyata keçirilir: “Çünki həmin ərazilərdə qazlaşmaya daha az vəsait sərf edilir. Həmin kəmərlərə yaxın olan ərazilər müəyyən edilir və massiv qazlaşdırılır. Daha böyük vəsait tələb edən ərazilərin qazlaşdırılmasını da aparırıq, amma bu ərazilər böyük vəsait və çox vaxt tələb edir”.

Baş direktor əlavə edib ki, şəhid və qazi ailələrinin mənzillərinin qazlaşdırılması isə tam təmənnasız həyata keçirilir.

Teqlər: