Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün Baş Prokurorluğun yeni inzibati bina kompleksinə jurnalistlərin media-turu təşkil olunub.
AzerTimes-ın məlumatına görə, bina Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşir.
Jurnalistlər Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olublar.
Media-tur zamanı Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ölkəmizdə həyata keçirilən fəal hüquq mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, müasir inzibati binaların inşası davam etdirilir.
İnşası 2018-ci ildən aparılan inzibati bina kompleksinin açılışında fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Səmərəli işləmək üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.
Bina korpusdan ibarət kompleksin altı və dörd mərtəbəli iki inzibati binasında Baş prokurorluğun 6 idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcəkdir. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan 2 tikilisində isə yataqxana və konfrans korpusları yerləşir.
Bina kompleksi 8 sürətli lift, ehtiyyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, İP telefoniya, təhkükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri təciz olunub.
İnzibati binada yaradılan 3 iclas zalı və 320 nəfərlik konfrans zalının müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verəcəyini qeyd edən Kənan Zeynalov kompleksin ümumi istifadəyə yararlı sahəsinin 16600 m2 əhatə etdiyini qeyd edib.
Həmçinin ümumi kompleksin zirzəmi mərtəbəsində xidməti avtomobillər üçün dayanacaq və texniki otaqlar nəzərdə tutulub.
Qeyd olundu ki, kompleksin həyətyanı ərazisində yaşıllaşdırma işləri aparılmaqla əməkdaşların işdən sonrakı vaxtlarda bədən tərbiyəsi ilə məşğul olmaları üçün stadion inşa edilib.
Jurnalistlər həm də binada yaradəlan Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanış olublar.
Burada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artileriyya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür.
Vurğulandı ki, qalereyada həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komadanı cənab İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə bağlı 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı özündə əks etdirən fotoşəkillər nümayiş olunub.
Qeyd olundu ki, qalereyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli 2404 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Azərbaycan Respublikasının Prokurorluq orqanları işçilərinin adlı siyahısı yer almışdır.
Nəzərə çatdırıldı ki, qalereyada eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak etmiş prokurorluqda işləyən dövlət qulluqçuları və cəbhəyanı zonalarda xidmət edərkən fəaliyyətində fərqlənmiş əməkdaşlarının fotoları və onlar barədə məlumatlandırıcı lövhələr də öz əksini tapmışdır.