Xaqan Kərimov Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin
avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs bakalavr
pilləsinin tələbəsidir. O, ABŞ-nin iki universitetindən tam
təqaüdlə doktorantura pilləsinə qəbul alıb. Onun seçim etdiyi Yuta
Universitetindən (University of Utah) qazandığı təqaüdün məbləği
122,320 min ABŞ dollarıdır. Xaqan bu univesitetdə Kompüter elmləri
ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.
2017-ci ildə BANM-ə 695 balla daxil olan Xaqan həm də İrlandiyanın
“Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi (Penetration tester)
vəzifəsində çalışır. O, fəlsəfə və şahmatla da maraqlanır, hətta
fəlsəfə ilə bağlı yazılar yazır və “Youtube” kanalı mövcuddur. Onun
uğur hekayəsini bölüşürük:
- Xaqan, nəyə görə ABŞ-də təhsil almaq qərarını verdiniz
və bu uğura necə nail oldunuz?
- Mən kibertəhlükəsizlik istiqamətində ixtisaslaşmaq istəyirdim
və buna görə də öncə ixtisaslaşmaq istədiyim sahə üzrə hansı ölkədə
təhsilin daha yüksək səviyyədə olduğu ilə bağlı araşdırma apardım.
Bütün araşdırma nəticələrim kibertəhlükəsizlik üzrə lider ölkənin
ABŞ olduğunu təsdiqləyirdi. Odur ki, mən də inkişaf etməkdə olan bu
sahəni ən yüksək imkanlar təklif edən bir ölkədə öyrənməyin daha
effektiv olacağını düşünürək, Amerika Birləşmiş Ştatlarını
seçdim.
- Bu uğurunuzda Bakı Ali Neft Məktəbində aldığınız
təhsilin hansı rolu olub?
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə
təhsil alıram, lakin BANM-də qazandığım biliklər Kompüter
elmlərinin kibertəhlükəsizlik istiqaməti kimi rəqabətli bir
ixtisasa keçid etməyimdə yetərli oldu. Təhsil almaq üçün müraciət
etdiyim universitetlərin müsahibələri zamanı da bunun şahidi oldum.
Bənzər ixtisasdan gəlmədiyim üçün professorun beynində yaranan
yanlış təəssürat müsahibənin ilk dəqiqələrində yox olmuşdu.
Professor uzun müddət davam edən sorğu-sualın sonunda şifahi
şəkildə məni qəbul etdiyinin müjdəsini vermişdi. Bütün bunları mən
Bakı Ali Neft Məktəbindəki professor-müəllim heyətinə, burada
öyrədilən biliyə borcluyam.
- 5 il ərzində Bakı Ali Neft Məktəbində hansı sosial
fəaliyyətləriniz olub? Bu fəaliyyətlər sizə nə
qazandırıb?
- Bakı Ali Neft Məktəbində iki il müddətə yaxın İntellektual
Oyunlar Klubunun prezidenti vəzifəsini tutmuşam. Bu müddətdə bir
çox intellektual yarışların təşkilatçısı olmuşam. Ələlxüsus, Cocuq
Mərcanlı kənd orta məktəbinə klubumuzun ziyarəti və oradakı
şagirdlər arasında turnirin təşkil edilməsi mənim və komandamın
yaddaşında silinməz xatirə kimi həkk olunub. Bütün bu
fəaliyyətlərim mənə hər şeydən daha çox möhtəşəm dostlar
qazandırıb.
- ABŞ-dəkı Universiteti hansı xüsusiyyətlərinə görə
seçdiniz?
– ABŞ universitetlərinə müraciət həm maddi olaraq, həm tam
diqqət tələb etdiyi üçün olduqca yorucu prosesdir. Lakin qəbul
olduğumuz ali məktəblər arasında seçim etmək daha çətindir.
Araşdırma mövzusunun mənim maraqlarımla uyğunluğu, daha çox
akademik, yaxud sənaye meyilli olması, elmi rəhbərin nüfuzu yekun
qərarıma təsirini göstərən faktorlar oldu. Bu səbəblərə görə daha
reytinqli universitetdən aldığım təklifdən imtina emək
məcburiyyətində qaldım.