Bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır.
Bu barədə Mərkəzi Bankdan (MB) AzerTimes-a bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.
Tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən “Tədavüldə təmiz pul siyasəti” həyata keçirilir.
Bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və ya Mərkəzi Bankın müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.
Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılmışdır.