Bankların çökməsi barədə iddia… – ABA-dan bəyanat

Bankların çökməsi barədə iddia… – ABA-dan bəyanat

Son günlərdə bəzi sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında həqiqəti əks etdirməyən və əsası olmayan paylaşımlar yer almaqdadır.

AzerTimes xəbər verir ki, bu sözlər Azərbaycan Banklar Assosiasiyasının bəyanatında əksini tapıb.

ABA bəyan edib ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır:

“Bildirmək istəyirik ki, 2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olmuşdur. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır.

Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45.7 mlrd. manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15.4%, ilin əvvəlinə nəzərən 163 mln. manat artaraq, 19.8 mlrd. manata yüksəlmişdir.

Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi 11.7 mlrd. manata yüksəlmişdir ki, bu da illik 18.1%, ilin əvvəlinə nəzərən isə 1.5%-lik artımın olduğunu göstərir.

Bank sektorunun kapitalının həcmi də artaraq, 5.7 mlrd. manat təşkil etmişdir. Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrünə nəzərən 13.3%, ilin əvvəlinə nəzərən 2% yüksəlmişdir.

Sektorun mənfəətliliyi də yüksək səviyyədə qalmaqda, ötənilki göstəriciləri daha da üstələməkdədir. Belə ki, bu ilin yanvar-fevral aylarında sektorun faiz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39.2%, qeyri-faiz gəlirləri 23.6%, xalis mənfəəti isə 44.6% artmış, xalis mənfəəti 155.7 mln. manat təşkil etmişdir.

Cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.4% artaraq, 13 mln. 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artmış və 2877 mln. manat olmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağa çağırır”.

Teqlər: