Dünyada artıq trendə çevrilən və bütün bankların öz müştərilərinə həvəslə təqdim etdiyi bir “ənənə” formalaşıb: banklar öz müştərilərinə heç yerə getmədən, yalnız onlayn müraciət əsasında debit-kart təqdim edir. Kartın çatdırılması zamanı da heç bir ödəniş tələb olunmur. Halbuki bir müddət öncə kart əldə etmək üçün banka birbaşa müraciət, müəyyən mərhələdən keçmək, illik ödəniş lazım idi.
Üstəlik, debit-kart sahiblərinə 1 aydan 2 aya qədər faizsiz kredit imkanı da yaradılır və kartda yatırılan məbləğ bitdikdən sonra insanlar heç bir faiz ödəmədən 1-2 ay müddətində kreditdən istifadə edə bilirlər. Maraqlıdır, banklar niyə bu qədər güzıştə gedir? Adi kredit zamanı bir ay deyil, bir gün belə güzəştə getməyən banklar niyə heç bir faiz almadan müştərilərə 1-2 aylıq kredit verir?
AzerTimes xəbər verir ki, türkiyəli psixoloqlar bununla bağlı qənaətlərini səsləndiriblər.
Onlar iddia ediblər ki, pulsuz debit-kart və kredit imkanı yalnız bankların müştəri cəlb etmək üçün bir-biri ilə rəqabətinin nəticəsi deyil, əsasən, psixoloji amillə bağlıdır. Belə ki, insan psixoloji olaraq nağd vəsait xərcləyəndə daha xəsis olur və vəsaitini ehtiyatla xərcləyir. Kart ödənişi isə insanlara həm psixoloji rahatlıq, həm də arxayınlıq – 1-2 ay müddətində imkan olan kimi ödəyərəm – imkanı tanıyır. Nəticə etibarilə insanlar daha çox xərcləməyə təşviq edilir.
Banklar isə bu ödənişlərdən qazancını əldə edir.