Azərbaycanda bəzi kommersiya banklarının 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina etməsinə dair məlumatlar yayılır.
AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən açıqlamada ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyinin olmadığı bildirilib.
“Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”, – qurumdan bildirilib.
Ölkənin aparıcı banklarından olan “Kapitalbank”dan deyilib ki, bankın filialları köhnə dollar əskinaslarını da qəbul edir.
“Unibank”dan verilən məlumata görə, bankın filialları 2006-cı ildən əvvəl buraxılmış dollar əskinaslarını istənilən bank əməliyyatları üçün problemsiz qəbul edir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, valyuta mübadiləsi bankların öz işidir:
“Banklar bu xidməti göstərməyə borclu deyil. Azərbaycanda dollar populyar valyuta olduğuna görə insanlara qəribə gəlir ki, onu manata dəyişmirlər. Lakin lirə və rublu da müəyyən banklar dəyişməkdən imtina edir. 2006-cı il və ondan əvvəlki dolları bank götürməyə bilər. Çünki dollar bizim milli valyutamız deyil. Ancaq banklar manatı dəyişməkdən imtina edə bilməzlər.
Hər hansı kommersiya bankı da zədələnmiş manatı götürməyə bilər. Amma Mərkəzi Bank belə pulları dəyişməyə məcburdur”.
Qeyd edək ki, Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 2023-cü ilin yanvar-sentyabr aylarında 8,2 faiz artaraq (12,705 milyard manata çatıb). Əhalinin xarici valyutada olan bank əmanətləri 3,3 faiz azalaraq (4 milyard 453 milyon manat) əhalinin bütün əmanətlərinin 35,1 faizini təşkil edib (2022-ci ilin sonunda xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2 faiz təşkil edib).