Bank Respublika və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Martın 14-ü ADA Universiteti ilə ölkəmizdə təhsilin inkişafına
böyük önəm verən “Bank Respublika” arasında Anlaşma Memorandumu
imzalanıb. Sözügedən sənədin imzalanmasındakı əsas məqsəd tərəflər
arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və
tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.

Sənədi ADA Universitetinin İcraçı prorektoru Fariz
İsmayılzadə
və “Bank Respublika”nın İdarə Heyətinin sədri
Tariyel İsmayılov imzalayıblar.

Fariz İsmayılzadə ADA Universitetində tələbələr tərəfindən irəli
sürülən “start-up” təşəbbüslərinin, eləcə də cəmiyyət üçün faydalı
innovativ layihələrin icrasına önəm verildiyini vurğulayıb. Biznes
mühitində təmsil edilən şirkətlərlə əməkdaşlığın daim
genişləndiyini qeyd edən Prorektor əlavə edib ki, İnformasiya
Texnologiyaları, kompüter mühəndisliyi, böyük verilənlər sahəsində
mütəxəssilər yetişdirən ADA Universitetinin 30 illik fəaliyyət
keçmişinə malik “Bank Respublika” ilə əməkdaşlığı Universitet üçün
önəm daşıyır.

Ümumilikdə 1200-dən artıq qurumla əməkdaşlığa malik “Bank
Respublika”nın ölkəmizdə insan kapitalına əsaslanan biznes
modelinin qurulmasını dəstəklədiyini, bu istiqamətdə gedən prosesi
sürətləndirmək üçün Bank nəzdində İnformasiya Texnologiyaları
laboratoriyası təsis edildiyini nəzərə çatdıran Tariyel İsmayılov
əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirən ADA
Universiteti ilə əməkdaşlığın səmərəli olacağına əmin olduğunu
bildirib.

Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və
bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq
istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank
işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti
artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun
inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında
yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq
edəcəklər.

Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində
iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil
ediləcək, Bankın əməkdaşları isə Universitetin tədris prosesinə
cəlb olunacaq və ADA tərəfindən təşkil edilən İxtisasartırma
proqramlarında iştirak edəcəklər.

Anlaşma Memorandumu ADA-nın tələbə və məzunlarını Bankın mövcud
vakant yerləri barədə məlumatlandırmaq üçün Universitetdə “Karyera
günləri” keçirilməsini də nəzərdə tutur. Bununla yanaşı, ikitərəfli
əlaqələrdə davamlılığın təmin edilməsi, həmçinin müvafiq peşə
sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində
tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya
mövzuları Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə
əlaqələndiriləcək.

Teqlər: