Xəbər - Fərid Zöhrabov -Trend:
“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Səngər adamları” adlı kitabın təqdimatı keçirilib.
Trend xəbər verir ki, mərasimdə Respublikanın tanınmış imza sahibləri, politoloqlar, millət vəkilləri, Media patronları və istər 44 günlük 2-ci Qarabağ savaşı dövründə, istərsə də 30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən azərbaycanlı jurnalistlər, eləcə də bu yolda canından keçib şəhidlik zirvəsinə ucalan söz sahiblərinin yaxınları iştirak edib.
Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Vətəndaşımızın, ordumuzun, dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Məhz bu səbəbdən istər 1-ci Qarabağ Savaşında, istərsə də qələbəmizin simvolu olan 44 günlük müharibə dövründə canını fəda edən, sağlamlığını təhlükə altına alıb sözünü və kamerasını silah edib səngərlərdə olan, başına mərmi yağsa da həqiqətlərin carçısına çevrilən və canından şərəflə keçən media mənsubları haqda bir toplu, kitab hazırlamaq, səngər adamları olan jurnalistlərə bir borcumuz idi.
Kitab 162 səhifədən ibarətdir. “Səngər adamları”nın ideya müəllifi BAMF prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.
“Səngər adamları” kitabında adları qeyd olunan media mənsubları illərdir Qarabağ bölgəsinə ezam olunmuş həmkarlarımızdır. Eyni zamanda, 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan jurnalistləri anmışıq bu kitabda. Ancaq hər iki savaşda və 30 illik işğal dönəmində sözün hər mənasında qələmini silah edib, canını fəda etməyə hazır bir çox jurnalistlərimiz olub. Mirşahin Ağayev, Kamil Eldaroğlu, Mahir Məmmədli, İlqar Mikayıloğlu, Vüsal Qaraca, Anar Şuşalı, Ayşəm Rüstəmova, İbrahim Həşimov, Elmin Bayramlı, Ramal Abdullayev, İslam Əşrəfov, İsmayıl Əmirov, Əhməd Məmmədov, Heydər Mirzə və başqa onlarla həmkarımız səngər adamları olmağı şərəf biliblər.
Tədbirin Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də keçirilməsi də təsadüfi deyil. Bu televiziya kanalı bütün Azərbaycan jurnalistikasının tarixi məbədidir. Media şəhidlərimizin xatirəsinə ithaf etdiyimiz bu kitab onlar üçün edə biləcəyimiz bəlkə də ən xırda işdir, ancaq edilməli olanlardandır.
Qeyd edək ki, BAMF son 30 ildə, təşkilatın fəaliyyəti dövründə daim Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq aləmdə nüfuzu olan, dünya miqyasında imzası tanınan bütün xarici media nümayəndələrinin, dövlət və özəl təşkilat rəhbərlərinin Qarabağ bölgəsinə səfərlərini təşkil edib.