İndoneziyanın Bali şəhərində “Böyük İyirmiliy”in xarici işlər nazirlərinin görüşü başlayıb. G20-də Rusiya da təmsil olunur. Bu səbəbdən G20 iki qrupa bölünüb. Birinci qrupda Rusiyanı boykot edənlər, ikinci qrupda Rusiyanın tərəfdaşları yer alıblar.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə görə toplantıya qatılan xarici işlər nazirlərinin bir qismi rusiyalı həmkarlarıyla görüşməyəcəklər. Qərb ölkələrinin bir qismi hətta Rusiyanın G20-dən uzaqlaşdırılmasını təklif ediblər:
“Böyük Britaniya, Almaniya, Fransa, Kanada, ABŞ, İtaliya və Yaponiyanın xarici işlər nazirləri rusiyalı həmkarlarıyla bir masada oturmamaq üçün ev sahibinin təşkil etdiyi ziyafətdə iştirak etməyiblər.
Buna baxmayaraq, bir qisim ölkə bunun əleyhinə çıxaraq Rusiyanın tam təcrid edilməsinin doğru olmadığı qənaətindədir. G20 adətən qlobal mövzuları müzakirə edir. Böyük dövlətlərin nazirləri dünyadakı iqtisadi problemi və pandemiya ilə mübarizənin hazırki durumu ətrfaında fikir mübadiləsi aparırlar. Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin dayandırılmasını tələb etsələr də, bunun rusiyalı nazirin iştirakıyla müzakirəsini mümkün hesab etmirlər.
Nazirlər ikitərəfli görüşlər də həyata keçirirlər. Rusiyanın xarici işlər naziri çinli və türkiyəli həmkarlarıyla görüşüb. Sergey Lavrov ilk görüşü çinli həmkarı Van Yi ilə keçriməklə Moskva-Pekin münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini vurğulamağa çalışıb. Kreml Çini yanında tutmağa çalışır. Ancaq bu asan deyil. Çünki Pekin Kremldən fərqli olaraq Qərblə bütün körpülərini yandırmaq istəmir. Çin lideri Si Szinpinin koronavirus bəhanəsi ilə Moskvaya səfərdən itmina etməsi Kremlin narahatlığına səbəb olub.
Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşdə Ukraynadakı və Qara dəniz ətrafındakı vəziyyəti müzakirə edib. Ankara əvvəlkitək Ukrayna taxılının təhlükəsiz şəraitdə dünya bazarlarına çıxarılmasını təmin etməyə çalışır. Hələ ki, bu alınmır. Rəsmi Kiyevin son zamanlar Türkiyəyə münasibəti bir qədər dəyişib. Kiyev şübhələnir ki, Rusiya Ukraynadan oğurladığı taxılı Türkiyənin limanlarına daşıyır və guya Ankara buna göz yumur. Kiyev Ankaranın Moskva ilə dialoqu davam etdirməsindən narahatdır.
Beləliklə, G20 toplantısı sadəcə simvolik əhəmiyyət daşıyır. G7-də fikir birliyi mövcuddur və orada ortaq qərarlar qəbul etmək asandır. G20-də də Rusiya və Çinin iştirakı ortaq qərarların qəbulunu çətinləşdirir”.