Şair, qiraətçi Xəzər Süleymanlının AzerTimes-a müsahibəsi:
– Xəzər, şeirlər yazırdınız, amma sonradan qiraətə keçdiniz. Deyəsən, şeir yazmaq çətin oldu…
– Bilmirəm səhv etdim, ya düz, amma mən özümü qiraətdə tapdım. Düzünü desəm, hər iki sahədə uğurlu olduğumu qeyd edən peşəkarlar var. Məsələn, məni ilk dəfə Azərbaycan Yazıçılar Birliyinə gözəl yazıçımız Seyran Səxavət dəvət edib. Hələ də haradasa qarşılaşanda məni danlayır ki, niyə şeir yazmırsan? Bəlkə də zaman nə vaxtsa məni haqsız çıxardacaq. Amma hələlik qiraət ön plandadır.
– Bəlkə bildiniz ki, şeir sizlik deyil? Hər halda insan özünü daha yaxşı tanıyır…
– Açığı, özümə bu barədə ciddi təsirim də olub. Hiss etdim ki, yazdığım şeirləri müdafiə edə bilməyəcəm. Amma qiraətlə müəyyən işlər görmüşəm ki, mənə qədər bu işlərə cəhd belə edən olmamışdı. Hər halda səbəb siz deyən də ola bilər.
– Məsələn, hansı işlər görmüşünüz ki, bu qədər əminliklə danışıb deyirsiniz, burada mənəm, Bağdadda kor xəlifə?!
– 2023-cü ildə Heydər Əliyev adına sarayda iki gün, Yaşıl teatrda isə bir gün anşlaq konsertim oldu. Heydər Əliyev sarayında olan konsertin birinci gününə olan biletlərin hamısı 10 günə satılmışdı. Bu il isə mart ayının 5-i Heydər Əliyev Sarayında yenidən konsertimdir. Özü də “Avanqard kamera orkestrının” müşayiəti ilə. Bu dəfə də biletlər vaxtından əvvəl, konsertə bir ay qalmış bitib. Hazırda bir ədəd belə bilet qalmayıb. Özümü tərifləmək üçün demirəm, sadəcə, əgər sən haqqında yaxşı şeylər danışmasan, heç kəs haqqında yaxşı şeylər danışmayacaq. Odur ki, bu gün çox sənətçinin risk edib konsert verə bilmədiyi səhnələrdə çıxış etmək gördüyüm ən yaxşı işdir.
– Sizinlə yanaşı sosial şəbəkələrdə Kamran Ağabalayev, Kamran Yunis, Anar Adil, Anar Atakişiyev və başqa qiraətçilər də məşhurlaşıb. Sizcə, onların sizdən fərqi nədir? Ümumiyyətlə, özünüzdən yaxşı hesab etdiyiniz qiraətçi varmı?
– Sənətin digər sahələri kimi, bədii qiraət də bu gün insanlara seçim şansı verir. Dinləyici azaddır, kim kimi istəsə, dinləyəcək, özü üçün birinci edəcək. İndi mən dinləyicilərimin gözündə ən yaxşıyamsa, məni dinləyəcəklər.
-Konkret danışsaq, bu şəxslərdən öndə olduğunuzu düşünürsünüz, ya onlar sizdən yaxşıdır?
– Məsələ budur ki, bizdə heç vaxt müqayisə düzgün aparılmır. Bəziləri anlamır ki, şeiri hamımız deyə bilərik, amma “hamı eyni formada deməlidir” deyə, bir qəlib yoxdur. Hər kəs öz tərzində yaxşıdır, hər kəsin öz intonasiyası, səsi, nəğməsi var. Qalanı dinləyicilərin seçiminə qalıb. Əsas qərar onlarındır.
– Bəs şeirləri necə seçirsiniz? Əvvəl deyirdilər ki, Xəzər Süleymanlı çox vaxt dostlarının şeirlərini oxuyur.
– Əvvəllər çox şey danışırdılar. Bu cür danışan adamların 99 faizi Feysbuk statuslarında 200 layk yığmaqdan başqa bir uğur əldə etmədilər. Mən hansısa dostumdan şeir demişəmsə, demək, o, yaxşı şeir olub. Ən yaxın dostum Aqşin Evrəndir. Bu məntiqlə gərək onun bütün külliyyatını səsləndirmiş olaydım. Mən isə ondan cəmi üç-dörd şeir demişəm. Şeir seçərkən həm qiraəti nəzərə alıram, həm dinləyiciləri, həm də öz zövqümü.
– Sadə dinləyicilər yalnız səsə vurulur, arxa planı görməyə bilirlər. Düşünürsünüz ki, bu işin peşəkarı olmaq üçün həm də təhsilini almaq lazımdır? Məsələn, İncəsənət Universitetində qiraət dərs olaraq tədris olunur…
– Bizdə son zamanlar belə fikir formalaşıb: Adi adamlar, sadə vətəndaş, sıradan insan, kütlə və s. Bu fikirləri ortaya atan adamlar sıradan insanların, kütlənin dərinliyinə enə bilməyənlərdir. Sadə dildə desək, gördüyü işlərdə tutuzduranmayanlar. Elə görüntü yaradırlar ki, guya bunlar sənətin fövqündədirlər, yerdə qalanlar isə heç nə qanmır. Əslində isə bütün sənətlər elə adi adamlar, sadə vətəndaş, sıradan insanlar üçündür. Əgər sən onları qazanmasan, görəcəksən ki, Balaəlinin meyxanaları ilə yallı gedirlər. Bu gün mənim üçün sadə dinləyici konsertimdə Musa Yaqubun, Əli Kərimin, Vaqif Səmədoğlunun şeirlərini dinləyənlərdir. Qaldı ki təhsilə, əvvəllər düşünürdüm. Çünki orada səhnə danışığından dərs deyən sənətkarlar haqqımda xoş sözlər deyirlər.
– Pul ilə şeir səsləndirənlər var. Siz bir şeiri neçəyə səsləndirirsiniz?
– Hər peşənin öz kommersiya tərəfi var. Əgər kimlərsə gördüyü işdən pul qazanırsa, bu, yaxşı haldır. Çalışıram, hər təklifi hansısa formada dəyərləndirim. Bəzən az dediyim olur, bəzən də dediyimdən artıq verənlər tapılır. Amma bu barədə bu qədər danışmaq bəs edər.
– Bəzi şeirlər var ki, sizin səsinizdə məşhurlaşıb, bəzi şeirləri demək isə sizə xüsusi məşhurluq verib. Sizi məşhurlaşdıran şeirlərin müəlliflərinə qonorar verməli deyilsiniz ki?
– Bir çox şairi mənim ifamdan sonra tanıyıblar. Burda da ad soruşmayın. Şeirlərini səsləndirdiyim bütün şairlərə minnətdaram. Bu gün ön plana çıxmağım isə nə mənim, nə də şairlərin günahıdır. Dünyada hər şey vizual olduğuna görə, bu da səbəbdir ki, nisbətən daha çox tanınıram. Bəli, konsertlərdə şeirlərini deyəcəyim şairlərə qonorar ödəyəcəm.
– Nə qədər qonorar ödəyəcəksiniz?
– Burda özümü yox, sırf o şairləri düşünüb məbləğ açıqlamaq istəmirəm. Şairlərin zəhmətinin dəyərini hər kəs üstün tutmalıdır. Mən də bacardığım qədər yüksək qiymətləndirəcəm.
– Son olaraq hansı şeiri deyərdiniz ki, indiyədək səsləndirdiyiniz şeirlərin ən yaxşısı odur, dinləyicilər də o şeiri tapıb dinləsinlər?
– Çox çətin sualdır. Mənim nəzərimdə belə şeirlər çoxdur. Gəlin, bunu dinləyicilərin ixtiyarına buraxaq, mənim yerimə onlar cavab versin. Çünki onların zövqünə çox güvənirəm.