Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib (FOTO/VİDEO)

“Təmiz Şəhər” ASC-nin Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib. “Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədi və Vətən müharibəsindəki qələbənin birinci ildönümü münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin əməkdaşları 1000 ədəd müxtəlif cinsli ağac əkiblər.

Qeyd edək ki, 400 ədəd sərv, 250 tuya, 250 eldar şamı və 100 ədəd nar ağacının əkildiyi sahə bir vaxtlar tullantıların qalaq-qalaq toplanaraq, yandırıldığı ərazi olub. Hazırda isə bura əkin aparılması üçün tam yararlı vəziyyətə gətirilib və bir neçə il ərzində 14 mindən çox ağac əkilib. Poliqonun ərazisində tullantılardan ayrılan sular xüsusi filtrasiyadan keçirilərək əkilən ağacların suvarılmasında istifadə edilir.

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və artıq bir neçə ildir ki, IDEA İctimai Birliyinin, İqtisadiyyat Nazirliyinin, ETSN-nin və “Təmiz Şəhər” ASC-nin əməkdaşları hər il burada ağacəkmə aksiyaları keçirirlər.


Qeyd edək ki, son illər yaşıllıq zolaqları ilə əhatə olunan poliqon 2009-cu ilədək tullantıların açıq şəkildə atılaraq yandırıldığı ekoloji cəhətdən gərgin ərazi idi. “Təmiz Şəhər” ASC fəaliyyətə başladıqdan sonra isə qısa müddətdə məişət tullantılarının alışmasının və tüstülənməsinin qarşısı tamamilə alınıb. 120 hektar ərazini əhatə edən poliqonda təmizlik işləri aparılaraq lazımi infrastruktur yaradılıb. Hazırda burada tullantıların düzgün idarəedilməsi müasir standartlara uyğun olaraq həyata keçirilir.

Teqlər: