Balaxanı poliqonunun istifadə müddəti daha 20 il artıb

Xəbər - Çingiz Səfərli – Trend:

Tullantıların çeşidlənməsi və enerji istehsalında istifadə edilməsi Balaxanı poliqonunun istifadə müddətini daha 20 il artırıb.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq “Təmiz Şəhər” ASC-dən məlumat verilib.

Bildirilib ki, “Təmiz Şəhər” ASC tərəfindən Bakı şəhərində il ərzində 750-800 min tona qədər tullantı qəbul edilir. Qəbul edilən tullantılar çeşidləndikdən sonra təkrar emala yararlı kütlə ayrılaraq Balaxanı Sənaye Parkına göndərilir. Digər hissəsi isə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq elektrik enerjisi əldə edilir. Müəyyən növ tullantılar isə Balaxanı şəhər tullantılarının zərəsizləşdirilməsi poliqonunda basdırılır.

“Tullantıları böyük həcmdə zərərsizləşdirən Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ildən fəaliyyət göstərir. illik yandırma gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində ildə 231,5 mln KVt/saat elektrik enerjisi istehsal olunur. Əldə edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsi ilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. Qeyd edək ki, zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiq edildiyi bu zavod ətraf mühitin mühafizəsi sahəsində Avropa Birliyinin ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub.

Zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib və nəticədə 1,586,394 MVt/saat elektrik enerjisi istehsal edilib. Ötən müddət ərzində termik üsulla emal edilən tullantıların ümumi həcmi 10 dəfəyə qədər azaldıb və yandırılmadan sonra yaranan dib külü yol tikintisində istifadə olunub. Bununla da poliqonun daha tez dolmasının qarşısı alınıb və ömrü daha 20 ilə qədər uzadılıb. Bu o deməkdir ki, 2013-cü ildən 2021-ci ilə qədər ötən 9 il ərzində basdırılma üsulu ilə zərərsizləşdirməyə təxminən 20 il qənaət edilib”, – ASC qeyd edir.

Qeyd edək ki, Balaxanı poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-nin balansına verildikdən sonra burada ilk növbədə illərlə qalaqlanaraq yandırılan tullantıların söndürülməsi prosesinə başlanılıb. 120 hektar sahəni əhatə edən əvvəlki poliqonun yerində yeni və müasir standartlara cavab verən sanitar poliqonun tikintisi həyata keçirilib. Ötən müddət ərzində poliqon ətrafında 14 mindən çox müxtəlif növ ağac əkilərək yaşıllıq zolaqları salınıb.

Teqlər: