Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışını həyata keçirən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib, 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “TT” markalı tapança, 1 ədəd həmin silaha məxsus patron və sandıqça aşkarlanaraq götürülüb. Tapançanı meşədə gizlətmək istəyən M.Məmmədov polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıb.
Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə yaşadığı ünvanda narkotiklərin və psixotrop maddələrin satışını təşkil edən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Gərəkli kənd sakini Teymur Mehdiyev saxlanılıb. Onun evinə baxış keçirilən zaman oradan “patı”,”şüşə” kimi tanınan metmfetamin və külli miqdarda heroin aşkar edilib.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər rayon sakini- İbrahim Xəlilov, İsa Qurdayev, Rəfael Əliyev və Şahmar Soltanov tutularaq məsuliyyətə cəlb edilib. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana və heroin götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Keçirilən digər tədbir zamanı isə rayon sakinləri Emin Hüseynov və Səfər Şərifov saxlanılıb. Üzərilərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslərin hər biri barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.