Balakən və Qəbələdə 2 milyon manata yaxın qanunsuz qum-çınqıl hasilatı aparanlar aşkarlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Balakən və Qəbələ rayonlarının ərazilərində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması ilə qanunsuz hasilatın aparılması barədə məlumatlar yoxlanılmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilmiş, ölçülər götürülmüş, hesablamalar aparılmış, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilmiş, aidiyyəti şəxslərin izahatları alınmış və müvafiq dövlət qurumlarına verilmiş sorğulara cavablar toplanılmışdır.

Müəyyən edilmişdir ki, “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC və “Redstone” MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılmışdır.

Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmişdir.

Teqlər: