Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?

Xəbər - Samir Əli – Trend:

Bakıda keçirilən bal yarmarkasında satılan balın qiymətini sahibkarlar müəyyən edir.

AzerTimes-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən bal yarmarkasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

‌O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yalnız yarmarkanın təşkili və burada sahibkarın iştirakına şərait yaratmaqla məşğuldur:

“Biz qiymət təyin etmirik. Sahibkarlar gətirdikləri balın keyfiyyətinə görə qiymət müəyyən edir və satış həyata keçirir. Hazırda yarmarkada satışa çıxarılan balın qiyməti 15 manatdan 50 manata qədərdir. Təbii ki bu qiymət balın keyfiyyətinə görədir. Hər balın öz qiyməti var. Dağ balı, may balı, çəmən balı, meşə balı və sair. Yarmarkaya 100-dən artıq çeşiddə bal çıxarılıb. Sahibkar çeşidə görə qiymət müəyyənləşdirir və alıcı da seçim edir”.

Qeyd edək ki, bu gündən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Vətəndaşlar 20 oktyabr – 7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Teqlər: