“Baku Steel Company”nin bu layihəsi iqtisadi inkişaf üçün geniş imkanlar açıb (FOTO/VİDEO)

“Baku Steel Company” regionda bənzəri olmayan layihəni
reallaşdırdı

Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”
QSC Azərbaycan iqtisadiyyatına töhfələr vermək üçün istehsalatda
innovasiya və müasir texnologiyaların tətbiqini davam etdirir.
Yenilənən “Baku Steel Company” bu dəfə regionda bənzəri olmayan
layihə həyata keçirib.

Burada quraşdırılan 10,25 m radiuslu yeni nəsil fasiləsiz
pəstahtökmə maşınında (FPTM) qısa müddətə, az itki ilə, daha çox və
yüksək keyfiyyətli məhsul istehsal etmək mümkündür. Yeni istehsal
xəttində artıq poladın markasından asılı olaraq standart ölçülü və
ya sifarişə uyğun – 6, 9, 12 m uzunluğunda, 125-125 mm və 150-150
mm enində kvadrat pəstahlar, həmçinin 130 mm-dən 250 mm-dək
diametrli dairəvi pəstahlar tökmək olur. Prosesin davamı olaraq
vakuumator qurğusu quraşdırılandan sonra poladın tərkibi
qeyri-metallik birləşmələrdən təmizlənərək burada tikinti ilə
yanaşı maşınqayırma, hərbi-müdafiə sənayesi, aviasiya və s. sahələr
üçün daha keyfiyyətli polad istehsal etmək mümkün olacaq. Zavodda
böyük sıxlığa malik dairəvi pəstahların tökülməsi xüsusən
neftçıxarma sənayesində istifadə edilən, yüksək dərinlik təzyiqinə
davamlı boruların istehsalına da imkan yaradacaq.

Ümumiyyətlə, yeni FPTM-in istifadəyə verilməsi həm istehsalın
həcminə, həm yenilənən şirkətin gəlirlərinə, həm də işçilərin
sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına müsbət təsir
edəcək. Yeni maşında poladın dispersliyini artırmaq, daha kiçik
kristal dənələrə sahib olmaq və yüksək keyfiyyət əldə etmək
məqsədilə dairəvi pəstahlar üçün nəzərdə tutulmuş
kristallaşdırıcılarda elektromaqnit qarışdırıcılar quraşdırılıb.
Bu, maye metalın mis qəliblərə tökülməsi zamanı poladın daha
dispers struktur almasına imkanı yaradır və yüksək keyfiyyəti təmin
edir.

Əlavə edək ki, bu günədək 130 mm-lik dairəvi pəstahdan
Sumqayıtdakı 3-cü istehsal sahəmizdə yalnız 114 mm diametrli
tikişsiz boru istehsal edilirdisə, yeni FPTM artıq 219 mm-dək
diametrli boruların bütün çeşidlərinin istehsalına imkan verəcək
ki, bu da istehsal həcminin 3 dəfəyə yaxın artması deməkdir.
Bununla şirkətin ümumi ixrac potensialı da artacaq. Belə ki,
hazırda BSC aylıq 2 min ton boru ixrac edirsə, yeni FPTM-in
gücündən istifadə olunmaqla bu həcmi orta hesabla 7-9 min tona
çatdırmaq olacaq.

Qeyd edək ki, BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30
tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli
yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə,
bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir
ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen
zavoduna sahibdir.

“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka
(məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi
çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli
fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller,
künclüklər, ikitavrlar da buraxmaq mümkündür.

Xatırladaq ki, BSC-nin məhsulları ölkə daxilində yüksək
tələbatla satılmaqla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan,
Rusiya, Türkmənistan, İspaniya, İtaliya və s. ölkələrə ixrac
olunub.

“Baku Steel Company” – iqtisadi inkişafın polad özülü!

Teqlər: