2021-ci il iyunun 7-də “Şimal-Cənub” politologiya mərkəzi “Baku Network” ekspert şurası ilə birgə Moskvada “Rusiya və Azərbaycan layihələri – Xəzər regionunun inkişaf drayverləri. Xəzər iqtisadi forumuna doğru” adlı beynəlxalq forum keçirəcək.
Trend-in məlumatına görə, tədbirin moderatoru “Baku Network” ekspert şurasının direktoru, Valday klubunun eksperti Gülnarə Məmmədzadə olacaq.
Konfransda Trend BİA-nın baş direktorunun müavini, “Valday 2030” layihəsinin iştirakçısı Emin Əliyev, həmçinin azərbaycanlı və rusiyalı dövlət xadimləri, alimlər və ekspertlər: Milli Məclisin deputatı Rasim Musabəyov, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, “Valday” beynəlxalq müzakirə klubunun eksperti Fərhad İbrahimov, Rus İqtisad Məktəbinin direktor müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov, Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Stanislav Pritçin, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev, “Geosiyasi ekspertizalar mərkəzi” beynəlxalq qeyri-kommersiya fondunun direktoru Valeri Korovin, Həştərxan vilayətinin beynəlxalq əlaqələr agentliyi rəhbərinin müavini İlya Toropitsın və digərləri iştirak edəcək.
Tədbirə Həştərxan vilayətinin iqtisadi inkişaf naziri Kazbek Xadikov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun qatılacağı gözlənilir.
Konfrans zamanı aşağıdakı məsələlərin müzakirəsi planlaşdırılır:
- Xəzər iqtisadi forumu – region dövlətlərinin əməkdaşlığı yolunda vacib addım.
- Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlığı – Xəzər regionu üçün aktual gündəm.
- Xəzər regionu və “Şimal-Cənub” nəqliyyat dəhlizi – resurs logistika potensialı.
- Xəzər regionun təhlükəsizliyinin aktual problemləri – yeni risklər və çağırışlar. Problemləri birgə həll edirik.
- Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişafının ekoloji aspektləri.
- Xəzər inteqrasiyasının Həştərxan müstəvisi.