Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon
Rabitəsi” MMC (“Baktelecom”) fevralın 14-dən 21-nə qədər paytaxtda
internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində
və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq qurumdan bildirilib.
“Bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division
Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar
internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər
yer alıb. Nəzərinizə çatdırırıq ki, CDMA – simsiz telefon
xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti
ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə
işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon
xidmətində yaranacaq”, – deyə şirkətdən bildirilib.