“Baksol” yolu niyə həftə içi təmir olunur?

“Baksol” yolu niyə həftə içi təmir olunur?

Bugündən Bakıda “Baksol” yolu bağlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yaydığı məlumata görə, buna səbəb yolda aparılan təmir işləridir və sabah 22:00-a qədər yol bağlı qalacaq.

Bir neçə gündən sonra qeyri-iş günlərinin başlayacağını nəzərə aldıqda isə təbii ki, sual yaranır: AAYDA cəmi 3 gün gözləyib, qeyri-iş günlərində təmir həyata keçirə bilməzdimi? Onsuz da Bakıda yollarda olan sıxlıq ciddi şəkildə müzakirə edilir və yolun bağlanması insanlara əlavə narahatlıq yaradır.

Bununla bağlı AzerTimes-ın sorğusunu cavablandıran AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, “Baksol” yolunda yenidənqurma işləri bir müddətdir aparılır.

“Yenidənqurma işləri bir neçə mərhələdə icra olunur. İlkin mərhələdə yol kənarlarında vətəndaşların rahat gediş-gəlişi üçün piyada səkilərinin qurulması, yəni səki daşlarının düzülməsi, yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün üst qatının bərpası işləri görülüb. Bu işlər görülən zaman yol bağlanmayıb. Yəni mümkün qədər işlərin icrasında sakinlərin yoldan istifadəsinə mane olmamağa çalışmışıq. Ancaq indi asfaltlanma işlərinə başlanılıb. Asfaltlanma işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün həmin ərazidə iki növbəli qrafiklə işlərə start verilib. İşlər gecə saatlarında da davam etdiriləcək və ümumilikdə şənbə-bazar da daxil olmaqla, bayram günlərini də əhatə etməklə, bu işlərin icrasının tam yekunlaşdırılması nəzərdə tutulur. Buna görə bu işlərə bu gün başlanıldı”, – o qeyd edib.

Anar Nəcəflinin sözlərinə görə, bir neçə gün ərzində tam olaraq həmin “Baksol” yolunun 3.2 km hissəsinin yenidən qurulub vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır:

“Ərazi çox böyükdür. Payız fəsli olduğu və havanın qeyri-sabit keçə, əlverişsiz ola biləcəyi də nəzərə alınır. Yəni hesablamalarda bütün detallar müzakirə edilib, sonra qərar verilir. Bu üzdən də belə qərar aldıq ki, ikinövbəli iş qrafiki ilə qısa müddət ərzində, gecə-gündüz işləməklə yenidənqurmanı başa çatdıraq”.

Teqlər: