Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi

Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi

Gəncədən Bakıya qədər 50-60 dəfə manevr qaydalarını pozan sürücü avtoxuliqan kimi həbs edilib.

AzerTimes Qaynarinfo-ya istinadən xəbər verir ki, 2001-ci il tarixdə Neftçala şəhərində anadan olmuş Zamir (şərti) “Renta car”dan icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomobillə 20 mart 2023-cü il tarixdə, saat 20-21 radələrində Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılıb. Polislər onu üç km izlədikdən sonra saxlaya biliblər. Həmin vaxt o, valideyni xəstə olduğuna görə avtomobili sürətlə idarə etdiyini etiraf edib.

Sürücü avtomobili idarə edərkən avtoxuliqanlıq hərəkətlərinə yol verib, çoxsaylı manevr qaydalarını pozub, xarici işıq cihazları nasaz vəziyyətdə olub. Sürücü avtoxuliqanlıq hərəkətlərinə yol verdiyini etiraf edərək bildirib ki, Gəncədən gəlir, bütün yolu belə sürüb, 50-60 dəfə manevr qaydalarını pozub. Məqsədi atası xəstə olduğuna görə evinə tez çatmaq olub.

Polislər tərəfindən avtomobil duracağa aparılıb, sürücü izahatı alındıqdan sonra artıq gecə olduğuna görə sərbəst buraxılıb.

Lakin səhəri gün onun mobil telefonuna zəng çatmayıb. 23 mart 2023-cü il tarixdə, saat təxminən 16:10-da Zamir Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə gəlib, avtomobilin duracaqdan buraxılmasını tələb edib. Eyni zamanda, bildirib ki, maşında 2 750 manat pulu qalıb, indi yoxdur. Sürücü məhkəmədə onu da iddia edib ki, cibində səsyazan aparat olub və polislər onu sındırıblar.

Zamir onu da etiraf edib ki, yalnız sürət həddini aşmaqla manevr qaydalarını pozub, polislərə qarşı nalayiq ifadələr işlətməyib, onların qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmayıb.

Yol Polisi Xidmətinin İqrar adlı inspektoru izahatında bildirib ki, Zamirdən səs-küyü, nalayiq söyüşlər işlətməyi dayandırması tələb olunsa da, sakitləşməyib, şöbənin iş fəaliyyətini pozmağa davam edib, qolunu dişləyərək özünə xəsarət yetirməyə çalışıb. Buna görə ərazi üzrə xidmət həyata keçirən post-patrul xidməti əməkdaşları dəvət olunublar. O, məcburi qaydada 25-ci Polis Şöbəsinə aparılıb.

Məhkəmənin qərarı ilə Zamir İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növü seçilib.

Teqlər: