Bakının AŞPA-nın hərəkətlərinə bu qədər ədalətli və sərt cavab verməsi diqqət və hörmətə layiqdir. Bu gün suveren ölkələr üçün belə cavabların vaxtıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.
“Qərb təkcə Rusiyaya qarşı deyil, həm də Azərbaycan, Türkiyə və “qeyri-demokratik” hesab etdikləri suveren ölkələrlə münasibətdə həmişə açıq şəkildə qərəz nümayiş etdirib. Bu gün Qərb, Amerika və onun Avropa tabeliyində olanlar üçün Cənubi Qafqazı qızışdırmaq vacibdir. Azərbaycan AŞPA ilə bağlı qərarından qətiyyən peşman olmamalıdır. Oradan ayrıldıq, bizə pis heç nə olmadı. Niyə təzyiqə dözmək lazımdır ki? Tamamilə heç bir səbəb yoxdur. Bunun qarşısını almaq məqsədilə təzyiq və ədalətsizlikdən, ikili standartlardan danışmaq Bakı tərəfindən düzgün qərardır. Azərbaycanı “tərbiyələndirəcəkləri” dövlətlər sırasına əlavə etdilər. Ermənistan isə burada sadəcə bir alətdir, detonatordur. Sadəcə ondan istifadə edirlər”, – o bildirib.
Kalaşnikov qeyd edib ki, hazırda təzyiq edənlər nə Azərbaycanın, nə də Ermənistanın dostu olub:
“Olmayacaq da. Onlar üçün prinsipcə dost deyə bir anlayış yoxdur. Tapşırıqları yerinə yetirirlər. Düşünürəm ki, onlara Bakıya təzyiqləri artırmaq barədə siqnal yeni gəlib. Prezident İlham Əliyev hər şeyi mükəmməl görür, bütün bunların niyə edildiyini anlayır. Bu yaxınlarda onun, Azərbaycan dövlətinin başçısının Qərbdə ikili gündəmdən, ikili yanaşmadan, ikili əxlaqdan danışdığı müsahibəsinə baxdım. O, bütün bunları mükəmməl başa düşür və Azərbaycana təzyiq göstərmək, manipulyasiya etmək, onu Qərb oyunlarına sürükləmək cəhdlərini dayandırır. Niyə Azərbaycan özünə qarşı bu cür təzyiq cəhdlərinə daha açıq cavab verməyə başladı? Çünki Azərbaycanın statusu son vaxtlar artıb və Bakı təzyiqlərə təzyiq edənləri yerində oturtmağa hesablanmış addımlarla cavab verə bilir. Qərbdə deyirdilər: “Bizə gəlin, hər şeyi həll edəcəyik”. Bakı isə bundan imtina edib deyəndə ki, “niyə, biz özümüz razılaşacağıq”, düşmənə çevrildi. Bakı bu şəkildə cavab verməklə doğru olanı edir. İlham Əliyev müdrik siyasətçidir”.