Rusiyada Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan Modest Kolerovun bu işləri pul qarşılığında gördüyünü əks etdirən görüntülər yayılıb.
AzerTimes xəbər verir ki, görüntüləri Teleqram kanalları paylaşıb.
Video görüntülərdə rusiyalı jurnalist və politoloq bəzi şəxsləri nüfuzdan salmaq məqsədilə məqalələr yazmaq üçün böyük miqdarda pul aldığı əksini tapıb. Jurnalist Roman Qazenkonun da bu məsələdə vasitəçi rolu oynadığı bildirilir.
Sosial şəbəkələrdə onların arasında kafedə danışıqlar aparılması, həmçinin pul köçürməsini əks etdirən foto və videolar yayılıb. Şəbəkə istifadəçiləri bu görüntülərlə rüsvay olan Kolerovu sərt tənqid edib, onun cinayətə cəlb olunmasını istəyiblər.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Kolerov tarixçi alim, polittexnoloq sayılır. O, hər zaman ermənipərəst mövqe tutan “Reqnum”un həmtəsisçisi və baş redaktorudur. Onun Azərbaycana qarşı təbliğat üçün ermənilərdən pul aldığı artıq bu video-görüntülərdən sonra şübhə doğurmur.