Bakıya qarşı “Xankəndi oyunu”…

Bakıya qarşı “Xankəndi oyunu”…

Əvvəla qeyd etmək istəyirəm ki, Xankəndidə son iki ildə bir neçə mitinq olub. Lakin son mitinq kənardan cəlbedilmələrə görə digərlərindən fərqlənir.

Bu sözləri AzerTimes-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

Onun sözlərinə görə, Xankəndi mitinqinin əsas məqsədi Azərbaycana təzyiqdir:

“Əlbəttə ki, mitinqdə iştirak edən insanların əksəriyyəti Ermənistandan gətirilmişdi. Artıq Ruben Vardanyanın mitinqə insanları cəlb etmək üçün böyük maliyyə vəsaiti ayırdığı haqqında məlumatlar yayılır. Burada maraqlı məqam rəsmi İrəvanın Brüssel görüşlərindən öncə yox, məhz Soçi görüşündən öncə belə bir mitinqi təşkil etməsidir. Dünən eyni zamanda separatçı tör-töküntülərin bəyanatı da qəbul olundu. Baş verənlər sözügedən mitinqin vahid mərkəzdən və öncədən yazılmış ssenari ilə idarə olunduğunu göstərir. Yəqin ki, Qarabağ məsələsinin uzanmasında maraqlı olan bir sıra mərkəzlər də mitinqin Soçi görüşündən öncə keçirilməsində maraqlı olublar”.

Cavid Vəliyev Azərbaycanın Soçi görüşünün nəticəsinə görə, Xankəndi ilə bağlı addımlar atacağını vurğulayıb:

“Rəsmi Bakı dəfələrlə Brüsselin vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini və hazırda rus sülhməramlıların olduğu ərazilərimizdə özünün suverenlik hüququndan əsla imtina etmədiyini ən yüksək səviyyədə bəyan edib. Qarşıdan qış ayları gəlir və Qarabağdakı erməniləri elektrik enerjisi, qaz və su ilə yalnız Azərbaycan təmin edə bilər. Xankəndidə ölkəmizə qarşı oynanan mitinq oyunu və s. dövlətimizə də suverenliyimizin qorunması üçün müəyyən addımları atma hüququ verir. Azərbaycan da müstəqilliyimizin və suverenliyimizin qorunması üçün bütün addımları atma iradəsinə sahibdir”.

Teqlər: