Bakıya qarşı “sərt mövqe” tutan Marukyan getdi… – Ekspert

Bakıya qarşı “sərt mövqe” tutan Marukyan getdi… – Ekspert

Edmon Marukyanın istefa verəcəyini hardasa proqnozlaşdırmaq mümkün idi. Çünki bu müddət ərzində Nikol Paşinyan və hökumət üzvlərinin açıqlamalarına tərs olan çıxışlar edirdi, Azərbaycanın əleyhinə daha sərt ittihamlar səsləndirirdi. Bütün bunlardan Marukyanın hökumətin siyasətinə uyğun olmayan addımlar atdığı sezilirdi.

Bu sözləri AzerTimes-a Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın istefasının səbəbləri haqqında danışan siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Marukyanın müxalifətə qoşulacağını düşünür:

“Paşinyan hökumətindən başqa ayrılmaların da olması ehtimallar içərisindədir. Lakin hələ ki, Ermənistan baş naziri öz komandasını qorumağı bacarır. Komandada eyni çıxışlar edən və mövqe sərgiləməyə çalışan dörd əsas fiqur var. Bunlar Baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. Hələ ki, sadaladıqlarımız arasında fikir ixtilafı yoxdur. Marukyana gəldikdə isə o, müxtəlif partiyaların üzvü və xarici işlər nazirinin müavini olub. Ona görə də Marukyan özünü sığortalamaq naminə hökumətin Azərbaycanla bağlı siyasətini bölüşmədiyi üçün komandadan ayrıldığını deyəcək. Daşnaklar və digər radikal qüvvələr Marukyanı öz tərəflərinə çəkməyə çalışacaqlar. Həmin qrupların içərisində hökumətdən ayrılanlar və ya əvvəllər ən yüksək vəzifədə olanlar var. Lakin bu, heç nəyi dəyişməyəcək. Marukyanın istefasının Paşinyanın mövqelərini zəiflətməsi və ya Azərbaycanla danışıqlara təsiri inandırıcı deyil”.

Xatırladaq ki, Edmon Marukyan Nikol Paşinyana Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməsi üçün ərizə təqdim edib. O, səbəb kimi son vaxtlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlardakı fərqlilikləri göstərib.

Teqlər: