Bakıya ilk elektrik mühərrikli avtobus gətirildi – Foto

Bakıya ilk elektrik mühərrikli avtobus gətirildi – Foto

Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib.

AzerTimes xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat paylaşıb.

Agentlik sədri bildirib ki, vətəndaşların rahatlığı, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ötən 7 ildə paytaxtın avtobus parkının 61 %-i yenilənib:

“Cənab Prezidentin birbaşa tapşırığı ilə 1044 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.

Yeni alınan avtobusların 76%-i Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobuslar sıxılmış təbii qaz (CNG) və elektirik mühərrikli nəqliyyat vasitələri ilə əvəz edilməlidir. Bu yanaşma şəhərin ətraf mühitinin qorunması və havanın çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu çərçivədə tədbirlərin davamı olaraq Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib. Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir”.

V.Kərimli qeyd edib ki, test müddətində elektirik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılcaq:

“Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.

Məlumat üçün qeyd edək ki, Avropada təmiz, alternativ yanacaqlı avtobusların geniş miqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsini (BUS2025) imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən avtobusların təqribən yarısı növbəti 5 il ərzində tamamilə elektrik avtobuslara keçidi planlaşdırılır”.

Teqlər: