Gedin Bakıya, vətəndaşlarımızı evə gətirin.
AzerTimes xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan öz Feysbuk səhifəsində yazıb.
O, Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakına toxunaraq, bunun olduqca vacib olduğunu bildirib:
“Bakıya getmək, ya getməmək? Noyabrın ortalarında Bakıda BMT-nin mühüm iqlim sammiti keçiriləcək. Bakı təklif təqdim edəndə Ermənistan buna veto qoya bilərdi, lakin o razılaşdı və bunun müqabilində Azərbaycan 32 hərbi əsiri azad etdi. 32 ailədə yenidən çıraq yandırılıb, 32 uşaq ataları ilə fəxr edir, 32 qız qardaşını tapıb, 32 ana həyata qayıdıb, 32 atanın üzündə təbəssüm yarandı”.
Erməni jurnalist hesab edir ki, Ermənistan ekoloji problemləri bir kənara qoyub, BMT-nin nüfuzlu tədbirlərindən biri olan COP29-dan siyasi məqsədləri üçün istifadə etməlidir:
“Ermənistan isə Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edib-etməmək barədə hələ qərar verməyib. Bakı həbsxanalarında qalan onlarla ermənidən birini vətənə qaytarmaq mümkün olsa belə, əyalət millətçilərinin, məsuliyyətsiz vətənpərvərlərin gurultulu tənqidlərinə məhəl qoymayaraq, Bakıya getməyə məcburuq.
Gedin Bakıya, vətəndaşlarımızı evə gətirin”.
Qeyd edək ki, Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda erməni əsirlər yoxdur. Həbsxanada saxlanılan bir neçə separatçı isə əsir deyil, cinayətkardır və onlar tezliklə məhkəmə qarşısına çıxarılacaq.