Problemin haradan yarandığını araşdırırıq. Bəziləri deyir ki, İranın işidir. “Hüseyniyyun” qrupunun əngəl olduğunu söyləyənlər də var. Güman edilir ki, kimlərsə gəlişimə süni əngəl yaradıb, bəziləri də “beşinci kolon”un əli olduğunu düşünür. Belə bir şey görməmişdim və anormal bir hadisədir.
Bu sözləri AzerTimes-a ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı Bakıya gözlənilən səfərinin ləğv olunması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu məsələdə Türkiyənin rolu yoxdur və bunu dəqiq araşdırıb, incələmək lazımdır:
“Dünyanın hər yerinə bilet almaq olur. Vaxtında hava limanında olub, biletini verib, hara istəsən, uça bilirsən. Hava limanında giriş-çıxış xətləri olur. Xarici xətdən iç xəttə girmək üçün dövlət icazə verməlidilər. Ağrı Qaradağlı bizdən bir gün öncə İran pasportu ilə Türkiyədən Bakıya getdi və vizası da yox idi. Vizanı elə hava limanında rahat bir şəkildə, ödəniş edərək aldı. Mənim məsələm də belə olmalı idi. Tarixdə ilk dəfədir ki, bir nəfəri təyyarəyə minməyə qoymurlar. Bahənə edirlər ki, guya Türkiyə yasaq qoyub. Bunlar boş sözlərdir”.
O, Bakı səfərinin ləğvinə səbəb olan maneənin bir gün əvvəl tərtib edildiyini bildirib:
“Bizə dedilər ki, belə bir qanun var. Soruşduq, nə zaman qoyulub bu qanun, dedilər bu gün. Oğlum Arpaslanın bir dostu var idi, Dallas hava limanında onunla təmasa girdi və elə bir bəndin orada olmadığı məlum oldu. Yəni bizim səfərimizə əngəl olmaq üçün keçən ayın 30-da o bəndi ora qoydular və səfərimiz ləğv olunduqdan sonra bəndi götürdülər. İndi buna görə kim məsuliyyət daşıyır, bilmirəm”.
Mahmud Çöhrəqanlı səfərinin ləğv olunmasında “Hüseyniyyun” qrupunun üzvlərinin tutulması ilə bir bağlılığın olduğunu iddia edib:
“Müxtəlif versiyalar var. “Hüseyniyyun” qrupunun tutulması ilə bağlı olduğunu düşünürəm. Bizim səfərimizdən iki gün qabaq onları tuturlar və səfərim ləğv olunandan sonra buraxırlar. Burada bir qarışıqlıq var. Dəqiq deyə bilmirəm. Amma Vətən sağ olsun! Necə deyirik: “Sən çağırsan gələrəm mən, ölərəm mən, sən yaşa, Azərbaycan!”
Qeyd edək ki, M.Çöhrəqanlı Bakıya Türkiyə üzərindən, Türk Hava Yolları ilə uçmaq istəyib. ABŞ-da ona bildirilib ki, Türkiyəyə girişində qadağa var, buna görə də Türkiyədən tranzit üçün Bakıdan rəsmi dəvətnaməsi olmalıdır.