Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu,
Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı
şəkildə təmiri yekunlaşıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, aparılan təmir işləri
çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst
qatı frezlənərək kənara daşınıb, səth sularının normal
kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi
bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri
olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300
p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan
ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu
işlər 11 min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin
edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb,
zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə
parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin
baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra
olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə
verilib.
Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu
rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə
ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə
tutulub.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi
uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.