Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
cari ilin “İnvestisiya Proqramına”na əsasən, Sabunçu rayonu
Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8
km təşkil edən küçələrdə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi tərəfindən təmir işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
Trend-ə verilən məlumata görə, hazırda Bakıxanov qəsəbəsində
uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov
küçəsi əsaslı şəkildə təmir edilir.
Təmir işləri çərçivəsində yeni piyada səkiləri inşa edilir,
mövcudları isə bərpa olunur. Səkilərin kənarlarında olan 1200
p/metr uzunluğa malik köhnə səki daşları yeniləri ilə
əvəzlənir.
Anoloji təmir işləri qəsəbənin 1500 metr uzunluğa malik Oskar
Əfəndiyev küçəsində də aparılır. Küçənin eni ortalama 12 metr
təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələrdə növbəti
mərhələlərdə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara
daşınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra
olunacaq.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal
kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya
sistemlərinin bərpa olunaraq işlək vəziyyətə gətirilməsi, yeraltı
kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulması işləri də
yerinə yetiriləcək.
“İnşaat Norma və Qaydaları”na uyğuntəmir işlərinin sonuncu
mərhələsində küçələr boyu avtonəqliyyat vasitələrinin hərəkətinin
təşkili üçün üfiqi nişanlanma xətlərinin çəkilişi işləri
aparılacaq.
“İnvestisiya Proqramına”na əsasən təmir işlərinin ardıcıllıqla
Bakıxanov qəsəbəsinin Şamil Kamilov (1800 m), Sülh (550 m), Ramiz
Qəmbərov (400 m) və Əşrəf Yunusov (950 m) küçələrində də aparılması
nəzərdə tutulur.
Qeyd edək ki, bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə
aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi
sayda canlı qüvvə və texnika cəlb edilir.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu
ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.