Xəbər - Ceyhun Ələkbərov – Trend:
Son zamanlar Bakı və ətraf kənd-qəsəbələrin yenidən qurulması, yaradılan şərait göz oxşayır.
Bu cür yerlərdən biri də gələcəkdə turizm marşrutuna salına biləcək Bibiheybət qəsəbəsidir. Əvvəllər vətəndaşlar bu qəsəbəni az halda ziyarət edirdilərsə, son görülən işlərdən sonra qəsəbənin bütünlüklə turistlərin sevimli məkanına çevriləcəyi gözlənilir.
AzerTimes-ın məlumatına görə, ötən ildən başlayan yenidənqurma və bərpa işləri Bibiheybət qəsəbəsini tamiylə dəyişib. Evlərin qapı-pəncərələr yenilənib, eyvanlara dibçəklər qoyulub, divarlar müxtəlif rənglərə boyanaraq bəzədilib. İşlər tək bununla bitmir.
Bibiheybət qəsəbəsində yollara qəmbər döşənib, bərpaya ehtiyacı olan fasadlar yenilənib, kommunikasiya xətləri də dəyişdirilib. Ərazidə uşaq əyləncə mərkəzləri, söhbətkeşlər quraşdırılıb.
Xatırladaq ki, abadlıq və yenidənqurma işləri Bakının Balaxanı, Əmircan və Ramanı kimi digər qəsəbələrində də aparılır. Bunlardan əlavə olaraq da, Mərdəkan, Novxanı, Buzovna, və s. kəndlər də turizm məkanına çevriləcəyi bildirilir.