Jurnalist, güneyli araşdırmaçı-yazar Elyaz Yekenlinin AzerTimes-a müsahibəsi:
– Elyaz bəy, siz əslən Güney Azərbaycandan olan Amerika vətəndaşısınız. Azərbaycan Respublikası haqqında nə bilirsiniz?
– Güney Azərbaycanın Yekənəz bölgəsində dünyaya gəlmişəm. Dədələrimizdən, nənələrimizdən, bütün yaxınlarımızdan eşidərdik ki, Arazın o tayında bizim qan bağımız, qardaşlarımız var. Anlamağa çalışırdım ki, “Arazın o tayı” nə deməkdir? Ağ-qara televizorlar var idi, oradan Şövkətin, Səkinənin, Rübabənin mahnılarını dinləyirdik, baxırdıq. Televizordan izlədiyim insanlar necə gözəl danışırdı. Özümə sual edirdim ki, niyə biz belə deyilik, qadınlarımız niyə belə qapalı olmalıdır? Niyə qadının səsi ola bilməz? Arazın o tayında qadın qopuz çalır, bizdə niyə yoxdur, eyni millətik axı. Arazın bu tayından o tayına baxanda yanan işıqları görürdüm. Onda 7 yaşım var idi, şaşqınlıq içində baxırdım. Öz-özümdən bu sualların cavabını soruşurdum. Mən beynimə yerləşdirmişdim ki, görəsən, mən o yerləri görə biləcəm? Belə bir xəyallar qururdum. Nəhayət, xəyallarım gərçək oldu, 1989-cu ildə tikanlar söküldü. Mən də 1992-ci illərdə Azərbaycana gəldim.
Azərbaycana gəldikdən sonra İrana qayıdıb, türkçülükdən, azərbaycançılıqdan danışırdım. Buna görə məni beş il cəza evinə atdılar ki, bölücüsən. İranda nə iş görsən, bəlkə adam da öldürsən, bağışlana bilərsən, amma türk dilində yazmaq, Azərbaycanı müdafiə etmək, tarixini öyrənmək bu böyük bir günahdır.
– Güneydə azərbaycançılığa münasibəti necə dəyərləndirirsiniz?
– Biz Güneydə fars-İran rejiminin köləsi olmuşduq. O mənə əziyyət verirdi ki, niyə İran televiziyasında bizi təhqir edirlər, tarix kitablarında niyə “quduz türklər” deyirlər? Bizim tariximizi niyə yalanlayırlar? Mən o ölkədə uğur qazanmaq üçün gərək keçmişimi söyərdim, ona arxamı çevirəydim. Amerikda yaşayıram, məndən soruşanda ki, haralısan, deyirəm ki, Cənubi Azərbaycandanam. Onlara bölünmüş iki Azərbaycan olduğunu anladıram. Amerikada təşkil olunan bütün tədbirlərdə iştirak etməyə çalışıram. Azərbaycan səfirliyinin bir çox tədbirlərində, yürüşlərinə qatılıram.
– Araşdırmaçı jurnalist olaraq dünya azərbaycanlılarına, o taylı-bu taylı soydaşlarımıza maraqlı münasibətiniz var…
– Güney, Quzey fərq etməz. Bu gün Quzeydə tanınmış insanlar var ki, çoxunun bir tərəfi Güney azərbaycanlıdır. Tanınmış yazıçılar, sənət adamları, ictimai xadimlər, şəhidlərimizin, qazilərimizin bir çoxu əslən Güney Azərbaycandandır. İnsan sağ gözünü sol gözündən ayıra bilmədiyi kimi, mənim üçün Quzey-Güney fərqi yoxdur. Biri sağ gözümdür, o biri sol. Bakıda 6 nəfərdən birinin əsli ərdəbilli və güneylidir. Goranbayda Xoylu adında kənd var idi. Hətta Qazaxıstanda belə güneyli soydaşımıza rast gəlmişəm. Orada – Şim kəndində yaşayan insanların yarısı qazax türkləridir, yarısı Azərbaycan türkləri. Onlarla söhbət etdikcə məni heyrət bürüyürdü. Çoxu deyirdi ki, babası Sarabdandır, Ərdəbildəndir.
– Bir az da Birinci və İkinci Qarabağ savaşında gördüklərinizdən, lentə aldıqlarınızdan danışın…
– Azərbaycan müstəqil olandan İran-fars rejiminin içərisində bir qorxu vardı. Birinci Qarabağ savaşında İran niyə ermənilərə kömək etdi? Hesab edirdi ki, Qarabağ Azərbaycanın böyük problemi olarsa, başı bu işlərə qarışacaq və Güney Azərbaycana vaxt ayıra bilməyəcək. İran Birinci Qarabağ savaşında ermənilərə hər cür yardım edib. Mən gedib çəkiliş etmişəm. Döyüşçülər, əsir düşənlər, şəhid ailələri, qazilər haqqında reportajlarım, filmlərim olub. Oturmuşam, araşdırmışam, onlarla söhbətim olub. İkinci Qarabağ savaşında isə rejim Güneydə basqını çoxaldırdı. İmkan vermirdi, bağlar daha da güclənsin. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycana gəlməyimiz çox çətin idi, gələ bilsəydik də, belə çalışmalarımız yox idi. Üç il bundan öncə burada rahat bir şəkildə İranın çirkin siyasəti haqqında danışa bilməzdim. İran bunu iki ölkə arasında qardaşlığın pozulması kimi dəyərləndirməyə çalışacaqdı. Azərbaycanı arxadan, kürəyindən vururdu. İkinci Qarabağ savaşı başlamadan öncə, ermənilər Amerikadakı səfirliyimizə hücum etməyə cəhd etdilər. Biz onun qarşısını kəsdik. Mən də orada idim. Müharibə başlayan kimi səfirliyə müraciət etdim ki, mən də əlimdən gəldiyi qədər kömək etmək, döyüşə getmək istəyirdim. İranlılar Qarabağ işğalda olanda bizi ələ salırdılar ki, baxın, azərbaycanlılar erməni ilə bacara bilmir. Mən isə onlara başa salırdım ki, ermənilər orada heç kimdir, onlara silah verib, gücləndirən sizsiniz. Bizə daş atan yox, o daşı düşmənin əlinə verən kəs önəmlidir. Elə ki, 44 günlük müharibə başladı və bizim aslan oğullarımız onların payını verdi, mənim sevincimin hədd-hüdudu yox idi. 44 gün ərzində gecəm-gündüzüm olmadı, yalvarırdım ki, ordumuz qalib gəlsin. Zəfər günü isə mənim üçün toy-bayram idi. O savaşda biz təkcə ermənini yox, Fransanı, fars molla rejimini yendik. Yol açılan kimi Amerika vətəndaşı olduğum üçün viza aldım və gəldim. Şəhid ailələri ilə görüşüm oldu. Birinci reportajım Polad Paşamızın anası Səmayə anamızla baş tutdu. Bu günə kimi 60 min dəqiqəyə yaxın çəkilişlərim olub. İki-üç ilin içərisində gecə-gündüz demədən çalışmışam. Bir şəhidimizin evində olanda məlum oldu ki, onlar da güneylidir. Gəncədə çəkiliş edəndə öz əmimoğlanlarımı tapdım, qohumlarımın arasında şəhid olanlar, itkin düşənlər var idi. Qəribə bir hadisə də oldu. Mən Gəncədə qohumlarımla bir masada oturub çay içirdim. Lakin onlar bir-biri ilə qan bağları olduğundan xəbərsiz idi. Hamısının əsli yekənli idi.
– 44 günlük Vətən müharibəsində İranın hiylələrinə güneylilərin cavabları olurdu…
– İkinci Qarabağ savaşında İran rejimi sakitləşmək bilmirdi. Ermənilərə yardım edirdi. Güney azərbaycanlılar əliyalın Ermənistana göndərilən silah-sursat daşıyan maşınların qabağını kəsirdi və buna etiraz edirdilər. Müharibə zamanı onlar böyük narahatlıq içində idi. Arazın o tayında dayanıb, Şimala dəstək olurdular. Nənələrimiz göz yaşları içində Azərbaycan əsgərinə xeyir-dua verirdi. Çünki qan bağları var. Ermənilərin türklərə bu öfkəsi, kini yüz illərə dayanır. 1886-cı illərdən başlayıb onların davası. Qərbi Azərbaycanda və Qarabağda ermənilər hələ o vaxtı əkinçiləri və çobanları öldürürdü. Niyə məhz çobanları? Çünki çobanlar o dağı-daşı yaxşı tanıyırdı. Bunlar ora ordu yeridə bilməzdi. Gəlib o yerləri öyrənməli idilər. 1990-cı ilə kimi 500-ə yaxın çoban öldürülüb. Bakının bundan xəbəri olmur. Mən bunları işıqlandırmışam. Mən ANT TV-nin müxbiriyəm. Güneydən olan insanlarımız mənə yazır ki, çox sağ ol ki, şəhidlərimiz haqqında çəkilişlər edirsən. Anaları ilə görüşürsən. Mən o ailələrə baş çəkdiyimdə öz adımdan deyil, Güney Azərbaycan adından gedirəm.
– Xocalı ilə bağlı sənədli film çəkirsiniz?
– Qarabağ savaşı bizim qanayan yaramızdır. Birinci və İkinci Qarabağ müharibəsi bizim dastanımızdır. Xocalı bizim ruhumuzu yaralayıb. Tarixini-keçmişini unudan millət başqasına qul olacaq, kölə olacaq. Biz unutmayacağıq. Bir zamanlar Qərbi Azərbaycanda bizim başımıza nələr gəldi? Ermənilər Andranikin qulağına görə türkün başını kəsməklə hədələyirdi. Bizim insanlar isə bilmirdi heç Andranik kimdir. Bunu biz unutmamalıyıq. Eyni unutqanlığı mən Güneydə də gördüm. 1945-ci ildə İran-fars rejimi Təbrizə girəndə minlərlə insanın başını fars ordusunun qarşısında kəsirlər. Biz onu unuduruq. Yüz minlərlə kitabı yandırırlar. 1905-ci ildə Xoy, Salmas, Urmuda soyqırımlar həyata keçirdilər. Amma fars-İran rejiminin tarixi nə anladır? Deyir ermənilər yaxşı insandır, amma dədələrimiz bizi başa salırdı ki, bu doğru deyil. Biz Xocalını unutmayacağıq, gündəmdə saxlamalıyıq. Getdiyimiz hər bir yerdə bu barədə danışmalıyıq. Ermənilər quduzluq ediblər. Düşmənçiliyin də bir qaydası olur, bunlar heç bir sərhəd tanımayıblar. Bu qaydaları pozan iki millət tanıyıram. Biri ermənidir, o biri fars. Mən bunlara bir millət deyirəm. Xocalı sakinləri mənə çox dəhşətli hadisələr anladıb. Ölkələrin çoxu bilir ki, ermənilər hansı vəhşilik törədiblər. Amma İkinci Qarabağ savaşında bizim igidlərimiz onlar kimi davranmadı. Qızlarına, uşaqlarına, qocalarına humanist davrandı. Mən bu hadisələri araşdırıram, sənədli film çəkəcəm. Bu filmi Güney Azərbaycana da göndərəcəyəm. Bilirəm ki, türk dünyası Qarabağ dastanını unutmayacaq.
– Bütöv Azərbaycan ideyasından danışaq, gerçəkləşməsi mümkündür?
– Şübhəsiz! Buna əminəm. Bir vaxtlar SSRİ-nin dağılması bizə xəyal kimi görünürdü. Culfada xalamgildə olanda dedim ki, Şura hökuməti dağılacaq. Mənə qohumlarım güldü. Bunun heç vaxt mümkün olmayacağını dedilər. Amma bir neçə ildən sonra tikanlı dəmirlərin söküldüyünün şahidi olduq. Bizim oyanışa ehtiyacımız vardı. Düşmən başımızı çox qarışdırmışdı. Güneydəkilər iki yolun arasında idi. Sən “azəri”sən, ya türksən? Bunu ayırd edə bilmirdi. Dostlarıma, üz tutduğum hər yerdə bir istəyim olub. İran sözünü dilinizə gətirməyin. Bu sözü eşidəndə elə bil məni güllə ilə ürəyimdən yaralayırlar. Bizim torpağımızı bölüblər. Necə ki, Qarabağ ermənilərin işğalında idi, aldıq. Biz Güneyi də qurtaracağıq. Güneydə böyük bir problem vardır. Onu biz çözürük. Gətirib çıxartdıq “Traktor” oyunlarına. “Qarabağ Azərbaycandır”, “Təbriz-Bakı-Ankara, biz hara, farslar hara?”, “Azərbaycan bir olsun, başkəndi Təbriz olsun” şüarları səsləndirilir. Qacar hakimiyyəti devriləndə ingiltərəlilər farsları – Hindistandan gələn qaraçıları gətirdi hakimiyyətə.
İranda türklərlə bağlı 3 əsas qayda var: Onlara hər şey verin, lakin yazıb-oxumağa qoymayın. Dillərindən vurun. Mənliyini, şərəfini alçaldın. Farslar da bunu açıq-aşkar televiziya verilişlərində əməli şəkildə nümayiş etdirirdilər. Türklərin obrazı açaldıcı şəkildə təqdim olunurdu. Biz indi tariximizi öyrənirik. Kim olduğumuzu bilirik. Gec, ya tez, bu iş olacaq. Biz öz məqsədimizə çatacağıq. Bütöv Azərbaycanı görüb, sonra öləcəm. Mən bu diləklə yaşayıram. Kölə yaşamağın acısını çox çəkmişəm, daha belə davam etsin istəmirəm.