Bakının vasitəçisiz gedişi: ABŞ alqışladı, amma “çağırır”…

Bakının vasitəçisiz gedişi: ABŞ alqışladı, amma “çağırır”…

Bakı və İrəvanın birgə bəyanatı bütün ABŞ və Avropa ölkələri tərəfindən alqışlanır: Bakını öz platformasına apara bilməyən Qərb üçün Rusiyanın iştirak etmədiyi format məqbuldur, Moskva da yalnız razılaşmadan bir gün sonra – Qərb ölkələrindən dəstəyin gəldiyini görərək, mövqeyini açıqladı.

Bu razılaşmanın böyük ölçüdə Bakının siyasi iradəsi olduğunu deyə bilərik. Çünki Qərb platformalarındakı mövcud gündəlik Azərbaycanın maraqlarına uyğun gəlmir, lakin bundan davamlı şəkildə imtina təzyiqləri də aktuallaşdırır. Bu baxımdan, Azərbaycan ikitərəfli formatı irəli sürməklə həm Qərbin “istəyinə uyğun” olaraq, Rusiyanın vasitəçiliyini arxa plana keçirir, həm də marağında olmayan gündəliyin müzakirəsindən yayınır. İstisna deyil ki, rəsmi Bakı Obrayenin səfəri zamanı Vaşinqton, yaxud Brüssel formatında danışıqların davam etdirilməsi istəyinə qarşı ikitərəfli formatda irəliləməyi irəli sürüb.

Azərbaycan əvvəldən ikitərəfli formatı dəstəkləyir, xüsusilə üçüncü tərəflər olmadığı təqdirdə iki ölkənin məsələləri həll etməsi perspektivi daha real görünür. Lakin birgə bəyanat daha çox texniki xarakter daşıyır və bunun yekunda sülh sazişinin imzalanmasını sürətləndirəcəyi gözləntisi azdır.

Birincisi, tərəflər arasında fikir ayrılıqları aradan qalxmayıb, yaxud fikir ayrılıqlarının olduğu məsələlər üzərində irəliləyişə nail olunmayıb: kommunikasiyanın necə açılması, sərhədin hansı prinsiplər əsasında delimitasiyası praktiki müstəvidə çətinliklərlə üzləşir;

İkincisi, bölgədə maraqlı tərəflərin – Qərb və Rusiyanın ikitərəfli formatın uzunmüddətli davam etməsinə imkan verəcəyi ehtimalı azdır, xüsusilə iki tərəfdən birinin prosesə müdaxilə cəhdi digərini də aktivləşdirəcək və sülh danışıqları ətrafında maraq mübarizəsi kəskinləşəcək;

Artıq Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir. Rəsmi Bakı buna cavab verməsə də, İrəvan hazır olduğunu bəyan edib. Və Ermənistanda ikitərəfli danışıqlarla bağlı “şərt” də irəli sürülür, “beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağırmaq” təhdidi səslənir. Bu, o deməkdir ki, Bakının ikitərəfli formatda danışıqlar istəyi “hələlik” qəbul edilib və “ilk fürsətdə” Qərb vasitəçilərini oyuna daxil etməyə çalışacaqlar. Vaşinqtonun görüşün təşkilinə hazırlaşması Moskvanın da adekvat addımına zəmin yaradacaq.

Teqlər: