Artıq Azərbaycanı qaralamağa çalışanların fikirlərinə qətiyyən əhəmiyyət verilməməlidir. Bakı artıq o statusa gəlib çatıb ki, Qərb ölkələrinin psevdotənqidi ilə maraqlanmır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov “Moskva-Bakı”ya müsahibəsində Qərb ölkələrinin COP29-a qarşı kampaniyası haqda qeyd edib.
“Qərb ölkələri üçün Azərbaycan Respublikasına qarşı tənqid ənənəvi siyasətdir. Qərb hər zaman Azərbaycanı tənqid etmək və onun irimiqyaslı beynəlxalq tədbirlər keçirməsini boykot etmək üçün müəyyən səbəblər tapmağa çalışıb. Amma bu, Bakını heç vaxt dayandırmadı və böyük reputasiya xalları qazanmasına mane olmadı. Bu ölkə uzun müddətdir ki, siyasidən tutmuş idmana qədər, bütün növ tədbirlərə əla səviyyədə ev sahibliyi etmək üçün nümunədir. Azərbaycanın beynəlxalq aləmdə statusu sıçrayışlarla artır. Son illər Bakı müxtəlif sahələrdə dünyada ədalət uğrunda mübarizə aparır. Dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan təkcə bu strukturun sağlamlaşdırılması üçün deyil, həm də dünyada inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərinin müdafiəsi istiqamətində xeyli işlər görüb”, – o bildirib.
Mixaylov qeyd edib ki, Bakı neokolonializmlə mübarizə mövzusunu qaldırmağa başlayıb və hazırda bu istiqaməti fəal şəkildə təbliğ edir:
“Azərbaycan həmçinin iqlim konfransının keçirildiyi ərəfədə dünyaya münaqişələrin dayandırılmasını təklif edib. Qoşulmama Hərəkatına üzv olan 127 ölkə bu təklifi dəstəkləyib. Bu isə Bakının təşəbbüsünün dünya ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir. Yəni, Azərbaycanın öhdəsinə götürdüyü hər şey təkcə milli maraqların reallaşmasına deyil, həm də dünyada vəziyyəti müsbətə doğru dəyişməyə yönəlib. Bu baxımdan deyə bilərik ki, Azərbaycan sırf regional dövlətin hüdudlarından çoxdan çıxıb və son illər təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda da gündəmi diktə edir. Şübhə yoxdur ki, Bakı COP29-a uğurla ev sahibliyi edəcək və bu konfransda Azərbaycanın, eləcə də kollektiv qlobal çoxluğun təklif etdiyi həllər iqlim gündəliyində mühüm mərhələ olacaq”.