Bakının son şərti: silahı yerə qoymayanlar məhv ediləcək

Bakının son şərti: silahı yerə qoymayanlar məhv ediləcək

Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə başladıqdan sonra müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan rəsmi Bakıya bu tədbirləri dayandırmaq və “Xankəndi ilə danışıqlar” aparmaq çağırışları edilir. Məqsədin terrorçuları müdafiə etmək və separatçıları de-fakto “tərəfə” çevirmək olduğu bəllidir, hərçənd, Azərbaycan öz suveren ərazilərində terrorçuların mövcudluğunu qəbul etməyəcək, hazırda həyata keçirilən antiterror tədbirlərinin hədəfi də bundan ibarətdir.

Qarabağda hadisələrin bu həddə çatmasının iki əsas günahkarı var.

Birincisi, rəsmi Bakının danışıqlar təklifindən imtina edən və kommunikasiyanı bloklamağa çalışan separatçı-terrorçu rejimdir;

Rəsmi Bakı dəfələrlə Qarabağdakı separatçıları danışıqlara dəvət edib, hətta bu ilin 1 mart tarixində Xocalıda görüş də keçirildi. Azərbaycanın gündəliyi bəllidir: erməni əhalisinin reinteqrasiyanın həyata keçirilməsi və Qarabağda iqtisadi layihələrin müzakirə edilməsi;

Daha sonra rəsmi Bakı bu gündəliyin müzakirəsi məqsədilə növbəti görüşlərin keçirilməsi üçün iki dəfə təklif də irəli sürdü. Separatçılar isə bu jestdən imtina etdilər və Azərbaycanın suverenliyinə qarşı təxribatlarını genişləndirməyə başladılar. Aylardır qanunsuz silahlı dəstələrin Qarabağda cəmlənməsi prosesini həyata keçirir, hərbi mövqelərini gücləndirir, yeni atəş nöqtələri yaradır, mina terrorunu davam etdirirlər. Əsas hədəfləri terror hücumları ilə Qarabağda hərbi vəziyyəti gərginləşdirmək və erməni əhalisinin reinteqrasiya prosesinin qarşısını almaqdır. Hərbi müstəvidə təxribatlara paralel olaraq, Ağdam-Xankəndi yolunu bloklanmaq cəhdi ilə kommunikasiyanın açılmasının da qarşısını almağa çalışırlar.

İkincisi, hazırda həyata keçirilən anti-terror tədbirlərinə görə Azərbaycanı ittiham edən ölkələr və təşkilatlardır;

ABŞ və Avropa İtifaqı başda olmaqla Azərbaycana qarşı müxtəlif çağırışlar edilir. Vəziyyətin bu həddə çatmasına görə məsuliyət bu çağırışı edənlərin də üzərinə düşür. Çünki rəsmi Bakı separatçılara jest edərək, danışıqlar təklifini irəli sürəndə bu ölkələr sözdə dəstək versə də, qondarma rejimə qarşı praktiki olaraq heç bir təzyiq etmədi. Əvəzində Ermənistanın və separatçıların “Qarabağda humanitar fəlakət var” iddialarının beynəlxalq müstəvidə müzakirəsinə şərait yaratdılar, bu məsələ üzərindən Azərbaycana qarşı təzyiq etməyə çalışdılar. Bu təzyiqlər Azərbaycanın prinsipial mövqeyinə təsir etmədi və nəticə etibarilə separatçılar rəsmi Bakının Ağdam-Xankəndi yolunun açılması ilə bağlı tələbini sentyabrın 17-də qəbul etməyə məcbur oldular. Sentyabrın 18-dən etibarən bu yoldan keçən humanitar yüklər Qarabağda erməni əhalisinə çatdırıldı, halbuki, bu, daha tez – sentyabrın 1-də baş verə bilərdi. Vaşinqtonda razılaşmaya görə, Ağdam-Xankəndi və Laçın yolu sentyabrın 1-də açılmalı idi, separatçılar isə Ağdam yolunu bloklamaqla yüklərin daşınmasını 16 gün gecikdirdi. Bu, məhz beynəlxalq birliyin separatçılara və onları dəstəkləyən Ermənistana heç bir təzyiq etməməsinin nəticəsi idi.

Bu gün Azərbaycanı öz suveren ərazisində anti-terror tədbirləri keçirməyə məcbur edən də məhz bu cəzasızlıq mühitidir. Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan qoşunlarını suveren ərazilərimizdən çıxarmaqdan imtina edir, separatçılar terror və təxribat fəaliyyətlərini gücləndirir. Sentyabrın 19-da törətdikləri qətliamlar da bunun son nümunəsidir. Bu terror aktlarını görməzdən gələn beynəlxalq birliyin səsi isə yalnız Azərbaycanın anti-terror tədbirlərə başlamasından sonra çıxmağa başlayıb.

Və Azərbaycanı anti-terror tədbirlərini dayandırmağa, terrorçularla danışıqlara başlamağa çağırırlar. Bu ikiüzlü yanaşma qarşısında Azərbaycan cəmiyyətində açıq suallar yaranır:

– Anti-terror tədbirlərinə səs çıxanlar nə üçün erməni terrorunu, qətliamını görməzdən gəlir, bu azmış kimi, əliqanlı terrorçularla danışıqların aparılmasını istəyir?

– ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra mübarizə apardığı terrorçularla danışıqlar aparıbmı?

– Avropa İttifaqı üzv ölkələrində mövcud olan separatizm ocaqlarını danışıqlar yolu ilə həll edir, yoxsa güc tətbiqi ilə?

Göründüyü kimi, mövcud vəziyyətin yaranmasında birbaşa “əməyi” olanlar özlərinin etmədiyini Azərbaycandan istəyirlər. Lakin nəticə əldə edə bilməyəcəklər. Azərbaycan Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasında və Ağdam-Xankəndi yolunun açılmasında olduğu kimi, anti-terror tədbirlərində də prinsipial mövqeyindən geri çəkilməyəcək. Ordumuzun hazırda həyata keçirdiyi tədbirlər bunun əyani sübutudur. Bu tədbirlərin hədəfi erməni əhalisi yox, suverenliyimizə qarşı təhdid yaradan separatçılar, erməni silahlı qüvvələrinin ərazimizdə qalan birləşmələri və qanunsuz silahlı dəstələrdir. Azərbaycan əsgəri erməni əhalisini Qarabağdakı mövcud hərbi xuntadan xilas edilməsi istiqamətində də tədbirlər həyata keçirir.

Bütün bunların fonunda Azərbaycan Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə dialoqun da tərəfdarıdır, lakin şərtləri var:

– Qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır;

– Yalnız bundan sonra erməni əhalisinin nümayəndələri ilə görüşmək haqda düşünmək olar və belə bir görüş üçün şərtlər yerinə yetirilərsə, danışıqlar Yevlaxda aparıla bilər;

Əks təqdirdə, Qarabağdakı əli silahlı terrorçular rəsmi Bakının nümayəndələri ilə yox, Azərbaycan əsgəri ilə üzləşməyə məcbur olacaqlar.

Teqlər: