Bakının səbri daşır: ultimatum verdi – Ekspert

Bakının səbri daşır: ultimatum verdi – Ekspert

Beynəlxalq hüquqa görə, Azərbaycan atdığı addımlarda sonadək haqlıdır. Ancaq rus sülhməramlıların öz vəzifə və öhdəliklərinə aid olmayan məsələlərlə məşğul olması, Fransanın prosesə qanunsuz müdaxilə cəhdləri qəti şəkildə qəbuledilməzdir.

Bu sözləri AzerTimes-a açıqlamasında Qarabağ ətrafında baş verən son proseslər və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin verdiyi son açıqlama haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Alim sülhməramlıların hədlərini bilməli olduğunu qeyd edib:

“Sülhməramlıların vəzifəsi aydın şəkildə bəllidir, təhlükəsizliyi təmin etməlidirlər. Yəni Azərbaycanın rəsmi qurumlarının göndərdiyi humanitar yardımın onlara heç bir aidiyyəti yoxdur. Niyə Azərbaycanın dövlət nümayəndələri ölkənin ərazisi olan Xankəndiyə gedə bilmir, amma Qarabağdakı ermənilər rahat şəkildə Ermənistana gedir?”

Professor Fransanın Azərbaycana qarşı son addımlarının beynəlxalq hüququ tapdalamaq və ölkəmizin ərazi bütövlüyünü heçə saymaq cəhdi olduğunu bildirib:

“Digər tərəfdən Fransa Azərbaycan sərhədinə TIR-ları göndərir, Makron bəyanat verir, Parisin meri gəlib Araiklə canlı bağlı yaradıb ağlaşma qurur. Fransa hansı haqla, hüquqi əsasla Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını heçə sayır? Azərbaycanın da bütün normal dövlətlər kimi sərhədi var və bu birmənalı şəkildə toxunulmazdır. Onda sabah Azərbaycan da Fransaya heç nə demədən 350 mindən çox əhalisi olan Korsika adasına humanitar yardım göndərəcəyini elan etsə, nə olacaq? Yəni Fransa dövlətində reallığı Makrona və ətrafındakılara izah edəcək bir məntiqli adam yoxdur? Sən Cənubi Qafqazın ən böyük və ən güclü ölkəsi ilə əlaqələri belə kobud şəkildə pozmaqla nəyə nail ola bilərsən?”

Toğrul İsmayıl Azərbaycanın qətiyyətli və kəskin mövqe sərgiləməsinin dövlətçilik baxımından tamamilə doğru olduğunu vurğulayıb:

“Bütün bu və digər məsələlərə görə Azərbaycan XİN-in Fransaya etiraz notasını, eyni zamanda Hikmət Hacıyevin Azərbaycanın öz ərazisində nəzarətsiz bölgənin olmasına dözmək niyyətində olmadığı, qeyri-qanuni rejimin buraxılması və tərk-silah olunması barəsində verdiyi ultimatum xarakterli açıqlamanı doğru hesab edirəm. Çünki hazırki məsələ birbaşa Azərbaycanın dövlətçiliyi, gələcəyi və milli təhlükəsizlik maraqları ilə birbaşa bağlıdır. Geriyə yol yoxdur. Yəni bu o deməkdir ki, Azərbaycan heç bir halda və şərtdə öz ərazisinin bir hissəsində “dövlətləşmə” cəhdlərinə imkan verməyəcək. Rusiya da əgər belə fəaliyyətlərlə Qarabağda daimi gücə çevriləcəyinə və qalacağına ümid edirsə, bu xam xəyaldan başqa bir şey deyil və mümkün olmayacaq. Moskva bilməlidir ki, rus sülhməramlıların Qarabağda qalması yalnız Azərbaycanın icazəsilə mümkündür və bu, müvəqqətidir. Ermənistanın və separatçıların bütün dünyaya ağlaşma qurub bəyan etdiyi “humanitar böhran, aclıq” məsələsi yalnız bəhanədir. Çünki Azərbaycan tərəfindən buna heç bir əngəl yoxdur. Qurulan oyun mürəkkəbdir və burada əsas məsələ kimin nə istəməsi yox, Azərbaycanın istəyi və məsələnin həllidir. Hələlik isə Azərbaycan maksimum dərəcədə məsələni sülh yolu ilə həll etməyə çalışır”.

Teqlər: