Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin Məhərrəm Seyidov küçəsinin təmirinə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3 200 metr, ortalama eni 10 metr təşkil edən həmin küçəsinin təmiri çərçivəsində küçəboyu hazırda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi də icra olunur.
Daha sonra zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görüləcək. Ardınca yeni asfalt-beton örtüyü döşənəcək.
Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19,6 kilometr təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb.
Ötən il Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.