Bakının məşhur “Fantaziya” hamamı sökülür? – RƏSMİ AÇIQLAMA (FOTO)

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakının məşhur “Fantaziya” hamamı hasara alınıb.

Yasamal rayonu Çingiz Mustafayev 114 ünvanında yerləşən
“Fantaziya” hamamının hasarlanması ilə bağlı Trend-in sorğusuna cavab
olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki,
abidələrdə işlər yalnız sözügedən qurumun razılığı ilə aparıla
bilər.

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan
Respublikasının müvafiq qanununa uyğun olaraq, mülkiyyətində və ya
istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair mühafizə
müqaviləsi bağlamalıdırlar. Onlar həmin abidələrin qorunmasına görə
Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.

“Qanunun müvafiq bəndinə əsasən, xüsusi mülkiyyətdə olan
abidələrlə əlaqədar işlər Dövlət Xidmətinin razılığı ilə
mülkiyyətçinin vəsaiti hesabına aparılır. Təmir və bərpa işləri
zədələnmiş və itirilmiş hissələrin abidənin konstruksiyasına,
həcm-planlaşma həllinə, xarici və daxili görünüşə xələl gətirmədən
təmir onu ilkin halına gətirməkdir. Bərpa, konservasiya, təmir,
rekonstruksiya, regenerasiya və digər işlər təqdim edilən layihələr
haqqında Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi
nəzərə alındıqdan və təsdiq edildikdən sonra aparıla bilər.
Nəzərinizə çatdıraq ki, sorğunuzda qeyd edilən “Fantaziya”
hamamının ətrafının hasara alınması ilə bağlı Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidməti tərəfindən araşdırma aparılır və bununla bağlı əlavə
məlumat veriləcək”.

Qeyd edək ki, “Fantaziya” hamamı 1886-cı ildə Nikolay Avqustoviç
fon der Nonne olan tərəfindən inşa edilib və Nazirlər Kabinetinin 2
avqust 2001-ci il qərarı ilə qorunur.

Teqlər: