Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
BŞBPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yarışa bir neçə gün qaldığı üçün son tamamlama işləri aparılır. Bu məqsədlə paytaxtın “Azneft” meydanından Neftçilər prospekti ilə Azadlıq meydanı hissəsində qoyulmuş maneələrin rənglənməsi və digər əsaslı işlərin aparılması bu yol üzrə avtomobillərin hərəkət intensivliyinə təsir etdiyindən süni sıxlıq yaranır. Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi cənub tərəfdən paytaxtın mərkəzinə doğru hərəkət edən sürücülərə tövsiyə edir ki, bu ərazidə süni sıxlığın yaşanmamasi üçün alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisi istiqamətinə, yaxud 20-ci sahə dairəsindən Dağüstü Park yolu ilə Badamdar qəsəbəsi istiqamətinə, eyni zamanda, Bayıl qəsəbəsindən Mikayıl Hüseynov küçəsindən hərəkət edərək Mehdi Hüseyn, Teymur Elçin küçələri və Parlament prospekti istiqamətinə hərəkət etsinlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar xahiş edir ki, sürücülər həmin ərazilərdə nizamlayıcı qismində olan yol polislərinin göstərdikləri istiqamətlər üzrə hərəkət etməyə üstünlük versinlər.
V.Əsədov deyib ki, qeyd edilənlərlə əlaqədar Bayraq Meydanı, “Dalğa Plaza”, eləcə də 20-ci sahədən və Bakı Su İdman Sarayının yanından istiqamətlər dəyişdirilib. Bu istiqamətlər üzrə hərəkət edən sürücülər unutmasınlar ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, eyni zamanda, 20-ci dairədən, Bakı Su İdman Sarayının yanından, Bayraq Meydanından və “Dalğa Plaza”nın yanından istiqamət dəyişdirilib. Ümumiyyətlə, tövsiyə olunur ki, sürücülər Formula-1 yarışının keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası üzrə tanınan ərazi üzrə – “Azneft” meydanı, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcədə həmin küçə və prospektlərlə kəsişən digər yollarda son tamamlama işləri ilə əlaqədar sıxlığın yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə etsinlər.