Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə,
bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakının sakinləri və qonaqları
üçün qapılarını açdı.
2019-cu ildə Novruz bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən
ilk “Torpaq əlimdə, bahar ürəyimdə” adlı xeyriyyə yarmarkası böyük
uğurla təşkil olundu və paytaxtın mərkəzinə əsl bayram sevinci
gətirdi. 2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyası
səbəbilə yarmarkanın keçirilməsi təxirə salınmasına baxmayaraq
qeydiyyata alınmış körpələr müalicə və əməliyyata Fond tərəfindən
göndərildi.
Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və
yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait
müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və
əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Yarmarkanın
nəticələri və ətraflı maliyyə hesabatı yarmarka bitdikdən sonra
ictimaiyyətə təqdim olunacaq.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti,
Azərişıq, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi,
Azərbaycan Hava Yolları, Mediline Group Assistance, PAŞA Holding
təhlükəsizlik xidmətidir. “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə
yarmarkası sponsorların əvəzolunmaz dəstəyi ilə həyata keçirilir:
“PAŞA Holding”, “Azercell”, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, “Coca-Cola”, “BOSCH”, “XırtaXırt”, Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Berg”,
“Vyana Şokolad Evi”, “MuğanBank”, “ASCO”, “Biscolata”, “Aura”,
“Bizim Tarla”, “Azərçay”, “HappyRoll”.
İki illik fasilədən sonra təşkil olunan “Torpaq əlimdə, bahar
ürəyimdə” indiyədək “Nargis” Fondu tərəfindən təşkil olunmuş ən
böyük xeyriyyə yarmarkasıdır. Belə ki, yarmarka ərazisində 63 böyük
ev, 21 balaca ev, 3 restoran, oyun zonası, “yaz evi”, Novruz
bayramına aid və digər müxtəlif tematikalı konstruksiyalar
quraşdırılıb. Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar,
küçə yeməkləri, içkilər, milli və xarici mətbəxin ləziz təamlarını
dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun
oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xaqlımızın
sevimli bayramı – Novruz bayramının həyəcanı və sevincini
sevdikləri ilə birlikdə paylaşa bilərlər.
Yarmarka aprelin 10-dək hər gün 11:00-dan 23:00-dək fəaliyyət
göstərəcək. Qeyd edilir ki, karantin rejimi qaydalarının
qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə
birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət
edilir.
Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının
baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. Fond
tərəfindən təşkil olunan müxtəlif xeyriyyə layihələri sayəsində
Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə
mübarizə aparan yüzlərlə körpə yenidən sağlamlığa qovuşub.